XƏBƏR, DÜNYA
1-08-2019, 16:54

Əfqanıstanda ən azı 60 “Taliban” silahlısı öldürülüb

Əfqanıstanda ən azı 60 “Taliban” silahlısı öldürülüb
ABŞ-ın Əfqanıstandakı qoşun kontingenti və yerli hökumət təhlükəsizlik qüvvələri Qəndəhar əyalətinin Logar rayonunda aparılan hərbi əməliyyatlarda ən azı 60 “Taliban” silahlısını öldürüblər.

Qərbinfo.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Logar rayonunun polis rəisi Şahpur Əhmədzayinin sözlərinə görə, birləşmiş qoşun hissələri iyulun 31-də başlayan və avqustun 1-də davam edən hərbi əməliyyatlarda Azara rayonu ərazisində 45 “Taliban” silahlısını öldürüb. Daha 15 silahlı isə ətraf rayonlarda zərərsizləşdirilib. O əlavə edib ki, silahlıların əksəriyyəti paytaxt Kabildən 100 km aralıda yerləşən bu ərazini ələ keçirmək üçün hücuma hazırlaşırmış.

Rəsmi məlumatda qeyd olunub ki, hərbi əməliyyatlar zamanı Əfqanıstanın təhlükəsizlik qüvvələrinin bir əsgəri həlak olub, səkkizi isə yaralanıb.

Qəndəhar əyalətində yerləşən ordu qərargahının sözçüsü Camal Nəsir bildirib ki, avqustun 1-də keçirilən hərbi əməliyyat zamanı 22 “Taliban” silahlısı öldürülüb, daha 11-i isə yaralanıb. O qeyd edib ki, silahlı qruplaşma Arğıstan rayonunda yerləşən ordu hissələrinə hücum edib. ABŞ əsgərlərinin də köməyi ilə keçirilən əks hücumda “Taliban” silahlıları ağır itkilər verərək dağlara çəkiliblər.






Son Xəbər