XƏBƏR, MƏDƏNİYYƏT
31-07-2019, 20:25

Ölkəmizdə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı təşkil olunacaq

Ölkəmizdə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı təşkil olunacaq
Sentyabrın 28-dən oktyabrın 4-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı təşkil olunacaq.

Festivalın təşkilat komitəsindən Qərbinfo.az-a bildirilib ki, tədbir çərçivədə sentyabrın 29-30-da “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq konqresi keçiriləcək.

İslam ölkələrinin incəsənəti özünəməxsus xarakter, janr və növləri ilə əsrlər boyu şöhrət qazanıb. Xüsusi ərəb və başqa müsəlman ölkələrinin incəsənəti orta əsrlərdə formalaşaraq dünya xəzinəsinə daha böyük töhfələr verib.

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə 2019-cu il görkəmli şair və filosof İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilib.

“Nəsimi ili” ilə əlaqədar bu il “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq festivalı və “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq konqresinin keçirilməsi qərara alınıb.

XIV-XV əsrlər Azərbaycan incəsənətində və sənətkarlığında xüsusi yer tutur. Çox dərin və zəngin ənənələrə bağlı olan Azərbaycan mədəniyyəti, incəsənəti və xalq sənətkarlığının çiçəklənmə dövrü filosof və şair İmadəddin Nəsiminin yaradıcılığında və dünya görüşündə öz əksini tapdığı üçün bu yüzillik “Nəsimi dövrü” adlanır.

İdarə əsrlərlə yaşadılmış ənənəvi sənətkarlıq növlərinə və sənətkarlara hərtərəfli dəstək olur. Bu gün də İçərişəhərdə xalça, zərgərlik, kələğayı, ağac oyma-şəbəkə, dulusçuluq, metal işləmə, tikmə və s. ilə məşğul olan sənətkarların emalatxanalarına rast gəlinir.

Festivalın loqotipi qədim Şirvanşahlar dövlətinin gerbi əsasında hazırlanıb, burada təsvir olunan “öküz başı və şir” təsvirlərinə bu günədək qorunub saxlanılan zəngin sənət və mədəni irsdə tez-tez rast gəlinir.

Qorunub saxlanılan və nəsildən-nəslə ötürülən ənənələrlə zəngin İçərişəhərin ərazisində bu gün də sənətkarlığın dirçəlişi müşahidə edilir. Heç də təsadüfi deyil ki, qədim şəhər ərazisində “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” fəaliyyət göstərir və bu müxtəlif ənənəvi sənət növlərinin dirçəlişini aydın sübutdur. Mərkəz keramika, batik, zərgərlik və ağac üzərində oyma sənəti kimi dörd sənətkarlıq sahəsi üzrə fəaliyyət göstərir. Burada hər bir sənət əsərinin hazırlanması keçmişdə istifadə olunan prinsip və texnikanın, müasir dövrün universal kamillik meyarları ilə ahəngdarlıq təşkil edərək yaradılmasına yönəldilmişdir.

Keçiriləcək festival müasir dövrdə inkişaf edən İslam mədəniyyətinin gələcək inteqrasiyası üçün təsirli bir təkan olacaqdır. Konqresdə İslam Şərqinin 35 ölkəsindən alimlər, xalq yaradıcılığı sənətkarları, ekspertlər, dövlət orqanlarının nümayəndələri biznes, beynəlxalq qeyri-hökumət və ictimai təşkilatlar iştirak edəcəkdir.

Konqresdə bədii toxuculuq, metalişləmə və oyma sənəti istiqamətlərdə geniş diskussiyalar aparılacaq.

İki gün davam edəcək Konqresin mədəni proqramı çərçivəsində paytaxt muzeylərinə və Abşeron abidlərinə ziyarət nəzərdə tutulur.

Konqresdə iştirak etmək istəyənlər ərizə formasını dolduraraq avqust 5-dən gec olmayaraq muzey@icherisheher.gov.az elektron poçt ünvanına göndərməlidir. Məruzə və videoçarxlar Azərbaycan və ingilis dillərində avqust-30dək qeyd olunan elektron ünvana göndərilməlidir.






Son Xəbər