XƏBƏR, MƏDƏNİYYƏT
26-07-2019, 10:52

“Milli mədəni brend–müasir tendensiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib

“Milli mədəni brend–müasir tendensiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib
İyulun 25-də Gədəbəydə Milli Yaylaq Festivalı çərçivəsində “Milli mədəni brend – müasir tendensiyalar” adlı beynəlxalq konfrans təşkil olunub.
Konfrans Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə gənc mədəniyyət işçilərinin “I Beynəlxalq yay düşərgəsi” çərçivəsində reallaşıb.


Qərbinfo.az xəbər verir ki, konfransı Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev açaraq tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, mədəniyyət ölkənin siyasəti, təbliğatı və ideologiyasıdır. Bildirib ki, ölkədə innovativ mədəni brendlər artdıqca ölkənin tanıması da genişlənəcəkdir. Ancaq milli dəyərlərimizi brendə çevirərək tariximizi və mədəniyyətimizi təbliğ etmiş olacağıq.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxışında qeyd etdi ki, ancaq öz mədəniyyətimizi qoruyaraq bəşəri mədəniyyətlə birləşmək olar.

Türkiyə İnegöl Bələdiyyəsinin Xalq rəqsləri ansamblının müəllimi Fatih Oral “Türk milli mədəniyyətinin təbliğində gənclərin rolu”, Qazaxıstan Milli İncəsənət Universitetinin professoru, sənətşünaslıq namizədi Rauşan Maldibayeva “Mədəniyyətdə müasir tendensiyalar”, Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Natalya Kryukova “Mədəni xidmətlər” adlı məruzələrlə çıxış edərək, ənənələri qoruyaraq yeniliklərin gətirilməsi ilə müasir mədəniyyətin zənginləşdirilməsinin mümkünlüyünü qeyd ediblər.

Mərkəzin əməkdaşları Aygün Balabəyovanın “Brendləşən mədəniyyət nümunələri”, Leyla Qlıcovanın “Müasir geyimlərdə milli üslubun təcəssümü” mövzularında məruzələri dinlənilib.

Məruzəçilər çıxışlarında xalqımızın milli irsinin azərbaycançılıq ideyasının daşıyıcıları olduğundan bəhs etdilər. Mədəniyyətimizi, dünyagörünüşümüzü, təfəkkür və düşüncəmizi, adət-ənənələrimizi özündə əks etdirən milli mədəni nümunələr zamanın sınağından keçəcək günümüzə qədər gəlib çatmışdır.

Sonda Gədəbəy Aşıq Musiqisi Məktəbində Əməkdar müəllim Yusif Vəliyevin Mərkəzin metodiki şurasının qərarına əsasən çap olunmuş “Nağara və fortepiano üçün köçürəni” kitabının təqdimatı keçirilib.






Son Xəbər