XƏBƏR, MƏDƏNİYYƏT
25-07-2019, 19:26

Milli mətbəximizin növbəti uğuru

Milli mətbəximizin növbəti uğuru
Bakıda I Dünya İslam Kulinariya Konqresi və Dünya İslam Kulinariya Təşkilatının II Konfransı, həmçinin İslam ölkələri kulinarlarının ikinci çempionatı keçirilib.

Qərbinfo.az xəbər verir ki, 25 ölkənin təmsil olunduğu bu tədbirlərdə paytaxtımızın “Sity servis kompany” restoranlar şəbəkəsi də fəal iştirak edib və şəbəkənin tərkibindəki “Nar & Sharab”, “Mangal Steak House”, “Sədəf”, “Zuğulba Saray”, “Senator”, “Sapfir Saray”, “Atəşgah” restoranlarının milli və dünya mətbəxinin sirlərini mükəmməl bilən təcrübəli aşpazları çempionatda öz məharətlərini göstəriblər.

Kulinarlar həm fərdi, həm də komanda şəklində yarışıblar. Azərbaycan Kulinariya Mərkəzinin təşəbbüsü ilə kulinariya çempionatında şadlıq sarayları “bəy-gəlin” və “qonaq süfrəsi”, mehmanxanalar “Azərbaycan səhər yeməyi”, ketrinq şirkətləri “Azərbaycan mətbəx furşeti” kateqoriyasında orijinal menyular təqdim ediblər. Digər nominasiyalar, məsələn, şirniyyat, müxtəlif mətbəx incəsənəti sinifləri üzrə (şokolad, marsipan, karvinq və s.) də yarışlar keçirilib.

Çempionatda münsiflər heyətinin üzvü Rusiya Kulinarlarının Milli Assosiasiyasının prezidenti, məşhur Kreml aşpazı Viktor Belyayevin də maraqla izlədiyi və yüksək dəyərləndirdiyi təqdimatlardan biri paytaxtımızın ən nüfuzlu restoranlarından olan “Mangal Steak House”da olub. Restoranın peşəkar aşpazları tədbir iştirakçılarını dadlı və keyfiyyətli yeməklərlə yanaşı, həm də mətbəx şousu ilə heyrətləndiriblər.

“Sity servis kompany”nin direktoru Namiq Məmmədov deyir: “Şirkətin tərkibindəki restoranların kulinarları çempionatda böyük həvəslə çıxış etdilər. WICS-in münsifləri onların məharətini yüksək dəyərləndirdi. Bundan sonra isə aşpazlarımız olimpiadaya hazırlaşacaqlar. Çalışırıq ki, onlar təkcə İslam ölkələri təmsilçiləri arasında deyil, Avropada da öz peşəkarlıqları ilə seçilsinlər”.

Şirkətin aşpazları İslam ölkələri kulinarlarının mötəbər tədbirinə şirkətin brend-şefi – baş aşpazı Oqtay Cəfərovun rəhbərliyi ilə hazırlaşıblar. Təcrübəli və tanınmış kulinariya ustası tədbir ərəfəsində keçirilən təlimlərdə onlara islam və dünya mətbəxinin müasir trendləri, iaşə xidmətinin beynəlxalq standartları və milli qonaqpərvərliyimizin ən mühüm xüsusiyyətləri barədə zəruri bilgilər verib.

Milli mətbəximizin növbəti uğuru
Milli mətbəximizin növbəti uğuru






Son Xəbər