XƏBƏR, MƏDƏNİYYƏT
24-07-2019, 15:30

Əbülfəs Qarayev Qırğızıstan nümayəndə heyəti ilə görüşüb

Əbülfəs Qarayev Qırğızıstan nümayəndə heyəti ilə görüşüb
İyulun 24-də Mədəniyyət naziri Əbülfəs Qarayev Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mədəniyyət Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir Azərbaycanla Qırğızıstan arasındakı mədəni əlaqələrdən söz açıb. Ölkəmizdə mədəniyyətə və ədəbiyyata dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan Əbülfəs Qarayev bu dəstəyin yaradıcı insanlara böyük stimul verdiyini qeyd edib. Bildirib ki, dövlətin dəstəyi ilə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri ölkəmizdə və xaricdə nəşr olunaraq təbliğ edilir.

Nazir vurğulayıb ki, Azərbaycanda təşkil edilən beynəlxalq kitab sərgiləri, xarici yazıçıların əsərlərinin tərcüməsi, eləcə də TÜRKSOY-la birgə bu istiqamətdə həyata keçirilən layihələr türkdilli xalqların ümumi ədəbi inkişafına töhfələr verir.

Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov öz növbəsində səmimi qəbula görə təşəkkür edərək bildirib ki, Azərbaycanda olduqları müddətdə mədəniyyətimizlə yaxından tanışlıq olmaq imkanı qazanıblar. Xalqımızın milli mədəni irsinə bağlılığı onları heyran edib.

Qonaq təmsil etdiyi ququmla Azərbaycan Yazıçılar Birliyi arasında əlaqələrin inkişafından danışaraq deyib ki, yaxın günlərdə iki yaradıcı ittifaq arasında memorandumun imzalanması nəzərdə tutulub. Dillərimizin və mədəniyyətlərimizin yaxınlığından danışan Nurlan Kalıbekov ölkəmizə səfərinin məhsuldar keçdiyini diqqətə çatdırıb. Bildirib ki, iyulun 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan-qırğız ədəbi əlaqələri dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa təşkil edilib və tədbirdə “Gənc qırğız şeiri antologiyası” təqdim olunub.

Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri vurğulayıb ki, eyni kökdən olan xalqlar daha sıx əməkdaşlıq etməli, qloballaşma dövründə bir-birini daha çox dəstəkləməlidirlər.

Görüşdə Manas Universitetinin əməkdaşı, Dünya Gənc Türk Yazarlar Birliyinin qırğız təmsilçisi Altınbek İsmail, “Manas” radiosu mədəniyyət proqramının redaktoru, şair Jıldızbek Tursunbayev, şair-tərcüməçilər Nuriza Ömürbayeva, Narsulu Qurqubayeva, Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev və Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı iştirak ediblər.






Son Xəbər