XƏBƏR, SİYASƏT
19-07-2019, 22:58

Ermənistan əngəllər burulğanında

Ermənistan əngəllər burulğanında
Paruyr Hayrikyan: "Nikol Paşinyan, sən belə qərarları özbaşına verə bilməzsən, Azərbaycanla hər şeyi razılaşdırmalısan"

Gözlənilməz qərar- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların Madrid prinsipi əsasında həll olunması ilə bağlı ATƏT-in Minsk Qrupunun verdiyi son bəyanatı Ermənistan ictimai-siyasi rəyini ciddi şəkildə təlaşlandırdı. Belə ki, bu təlaş erməni mediasında verilən narahatlıqlarla dolu açıqlama və rəylərdən də görünməkdədir.

"Ermənistanda xarici siyasət üzrə dəqiq strategiya olmayıb və indi də yoxdur". Ermənistanın "Milli müqəddəratını təyinetmə" Birliyinin lideri Paruyr Hayrikyan jurnalistlərlə söhbətində bildirib ki, yeni hökumət də əvvəlkilərdən heç də fərqlənmir. "Ermənistanda hakimiyyət dəyişikliyi baş verərkən və bu, eyni zamanda, inqilab adlandırılarkən, yeni hakimiyyətin bu vaxta qədər ölkədə yürüdülmüş siyasəti dəyişəcəyini, yenidən nəzərdən keçirəcəyini düşünürdüm" deyə bildirən erməni siyasətçi əlavə edib: " Hazırkı dövrdə də ölkənin müstəqillik və təhlükəsizlik təməlləri möhkəm özüllər üzərində dayanmayıb".

P.Hayrikyan, onu da vurğulayıb ki, bəyanatda elə bir maddə var ki, bilavasitə bizim mövcud hakimiyyətimizin təşəbbüsünə ünvanlanıb. : "Əgər bu bəyanat kimisə narahat etməliydisə, bu, yalnız fəaliyyətdə olan hakimiyyəti deyil, digərlərini də narahat etməliydi. Hər şeyin tərs getdiyi zaman hər kəs narahatdır, yalnız hakimiyyət rahatdır, ancaq hakimiyyət narahat olmalıdır. Ona görə narahat olmalıdırlar ki, bu bəyanatda elə bir maddə var ki, bilavasitə bizim mövcud hakimiyyətimizin təşəbbüsünə ünvanlanıb".

"Nikol Paşinyan, sən belə qərarları özbaşına verə bilməzsən, Azərbaycanla hər şeyi razılaşdırmalısan"

P.Hayrikyan, onu da vurğulayıb ki, bu məsələ narahat olmaq üçün vasitədir: "Belə bir bəyanatın verilməsi o deməkdir ki, "Nikol Paşinyan, sən belə qərarları özbaşına verə bilməzsən. Sən Azərbaycanla hər şeyi razılaşdırmalısan". Bu məsələ, həqiqətən də, narahat olmaq üçün vasitədir".
Göründüyü kimi, bütün bu kimi münasibətlər isə, bir reallığı göstərir. İşğalçı Ermənistanın hakim dairələri ya sağlam qərar verərək, öz vəziyyətini daha da pisləşdirməməli, ya da lüzumsuz dirəniş göstərdikcə, məhvə doğru sürüklənəcəyini anlamalıdır. Daha dəqiq desək, istər beynəlxalq Konvensiyalar və qanunlar, istərsə də Azərbaycanın hərbi gücü qarşısında tab gətirə bilməyəcəyini dərk etməlidir.

Yenə də erməni xalqı Nikol Paşinyanın uğursuz cəhdinin əzabını çəkəcək

Həqiqətən də, belədir. Baş verənlər də, bunu bir daha sübut edir. Bu dəfə isə, "küçə demokratı" dövlət siyasətindən xəbərsiz olan Nikol Paşinyanın uğursuz cəhdinin əzabını çəkəcək və çəkir də. Xüsusilə də, 2019-cu il işğalçı ölkəyə bahalaşma ilə girdi. Bu da, səbəbsiz deyildi. Belə bir atalar sözü var: keçinin buynuzu qaşınanda, çobanın çomağına sürtər. Ermənistanda bu, baş verməli idi. Səbəb isə, Moskvanın siyasi təzyiq vasitələrindən getməsidir. Belə ki, il sonu Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyana bir çox xəbərdarlıq ismarışları və mesajları verməsi nəticədə, bu çətinlik baş verməli idi. Rusiyanın satdığı təbii qazın qiymətinin dəyişməməsi, Paşinyanın Moskvaya uğursuz səfərləri, daha doğrusu, əli ətəyindən uzun gələn Nikolun arzularının çilik-çilik olmasını bir daha sübut edir.
Beləliklə, bütün bu faktlar, onu göstərir ki, Ermənistanın iqtisadi sahədə heç bir manevr imkanları yoxdur. Avropa İttifaqının Ermənistana ayırdığı milyonlarla vəsait Rusiyadan alınan qaza sərf edilərsə, Paşinyanın sosial islahatlar üçün ümid etdiyi maliyyənin səmərəliliyi olmayacaq. Nəticədə, xalq yenidən ağır sosial tələblərlə etiraz aksiyalarına çıxacaq. Baş verən proseslər göstərir ki, Paşinyanın islahatlar vədləri heç bir real əsaslara malik deyil.

Döğrudur, Qərb, Paşinyana maliyyə və siyasi dəstək naminə, Rusiyanın orbitindən çıxması üçün vədlər verir. Kreml isə, çalışır ki, Paşinyanın qərbpərəst siyasətinin qarşısını alsın. Bununla belə, Ermənistanda siyasi-iqtisadi vəziyyət gərgin olaraq qalır. Ümumiyyətlə, bu ölkədə əsaslı islahatlar mümkün deyil. İlk növbədə, bu ölkə işğalçı siyasətinə görə blokadadadır və Rusiyanın forpostudur. Bu baxımdan, Yeravanın Moskvaya qarşı demarşı, ona baha başa gələ bilər.

Politoloqların sözlərinə görə, Paşinyanın oyuncaq bir lider olmasını, artıq dünya ölkələri və ən əsası, Rusiya yaxşı bilir. Politoloq Ramiz Alıyev bildirir ki, illər ərzində Ermənistana başçılıq edənlər arasında ilk hökumət başçısı idi ki, bu cür qarşılanıb, yola salınırdı: "Bu da, ondan irəli gəlir ki, Paşinyan Qərbin hakimiyyətə gətirdiyi oyuncaq bir hökumət başçısıdır, bunu bütün dünya ölkələri və Ermənistan xalqı da bilir. Yəqin ki, bir neçə il ərzində, Paşinyan öz postundan ya istefa verəcək, ya da xalq onu yola salacaq".

Bir sözlə, Paşinyanın bu açıqlaması özünə qarşı edilən hörmətsizliyin etirafı olmaqla yanaşı, özü-özünü əngələ saldı. Göründüyü kimi, belə nəticələr, onu göstərir ki, erməni ictimaiyyəti Nikol Paşinyan hakimiyyətinin boş vədlərindən və "inqilab" eyforiyasından bezib. Belə bezmələr isə, Ermənistanın növbəti inqilaba hamilə qalmasını da reallaşdıra bilər. Hər halda, bu ölkədəki böhranlar və çıxış yollarının tapılmaması bu cür qənaətə gəlməyə kifayət qədər rəvac verir.






Son Xəbər