XƏBƏR, DÜNYA
10-07-2019, 23:53

Türkiyə ABŞ-ı münasibətlərə zərər vura biləcək addımlardan çəkinməyə çağırıb

Türkiyə ABŞ-ı münasibətlərə zərər vura biləcək addımlardan çəkinməyə çağırıb
Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy Birləşmiş Ştatlara müraciət edərək ikitərəfli münasibətlərə zərər vura biləcək addımlardan çəkinməyə çağırıb.

Qərbinfo.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu müraciət ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Morqan Ortequsun Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin Türkiyəyə gətiriləcəyi təqdirdə Ankaranı mənfi nəticələr gözləyəcəyi barədə şərhindən sonra səsləndirilib.

“İyulun 9-da ABŞ Dövlət Departamenti mətbuat katibinin S-400 komplekslərinə dair səsləndirdiyi bəyanat G20 sammitində prezidentlərimiz arasında aparılan danışıqların ruhuna uyğun gəlmir. Biz ABŞ-ı ikitərəfli münasibətlərə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq”, - Türkiyə XİN-in bəyanatında belə deyilir.

Hami Aksoy, həmçinin Türkiyəni S-400 zenit raket komplekslərini almağa vadar edən müəyyən səbəblərin mövcudluğunu da xatırladıb.

“ABŞ Prezidenti Donald Tramp G20 sammitinin gedişində bu məsələdə Türkiyə ilə ədalətli davranılmadığı faktını təsdiqləyib”, - deyə xarici siyasət idarəsinin nümayəndəsi əlavə edib. O, eyni zamanda Şimali Atlantika Alyansının iştirakı ilə S-400 komplekslərinin F-35 təyyarələrinə zərər vuracağı barədə Birləşmiş Ştatların narahatlığının müzakirə olunacağı işçi qrupunun yaradılması barədə Türkiyənin təklifinə ABŞ-ın hələ də reaksiya vermədiyini vurğulayıb.

Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 zenit-raket kompleksləri alınması Türkiyə və ABŞ arasında qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini satın almağı tələb edib. Əks-halda F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının dayandırılacağını istisna etməyib.






Son Xəbər