XƏBƏR, SİYASƏT
10-07-2019, 17:23

Azərbaycandakı sabitlik dünyada bir etalona çevrilib - Siyasi ekspert

Azərbaycandakı sabitlik dünyada bir etalona çevrilib - Siyasi ekspert
Azərbaycan yalnız mühüm görüşlər kontekstində deyil, eyni zamanda digər qlobal məsələləri əhatə edən danışıqların aparılması istiqamətində ən mükəmməl və ənənəvi məkandır.

Bunu Qərbifo.az-a açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə danışıqlar aparmasını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, bütövlükdə ölkəmizin belə bir görüşlər kontekstindəki yeri və rolu bir sıra əhəmiyyətli aspektlərə söykənir: “Diqqət yetirsək, görərik ki, Azərbaycan Avropanın, eləcə də dünyanın enerji təhlükəsizliyində, təminatında çox önəmli yer tutur. Ölkəmizin bilavasitə təşəbbüsü ilə istər enerji, istərsə də nəqliyyat dəhlizləri layihələri reallaşdırılır, həmin istiqamətdə davamlı işlər aparılır, yeni ideyalar irəli sürülür. Bütün bunların təməlində ilk növbədə ölkədəki sabitlik dayanır. Çünki sabitlik olmasa, ən zəngin dövlət belə mühüm tədbirlərin həyata keçirilməsində uğur əldə edə bilməz. Ona görə də xüsusilə vurğulamaq istərdim ki, ölkəmizin qeyd edilən faktorlar baxımından dünyadakı yeri və rolu ən yüksək səviyyədədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və ya digər hərbi alyansların üzvüdür. Bu halda əminliklə deyə bilərik ki, iki nəhəng hərbi struktur təmsilçilərinin danışıqlar məkanı olaraq növbəti dəfə də məhz Azərbaycanı seçmələri xalqımıza, dövlətimizə qarşı göstərilən inam və etibarın, hörmətin təcəssümüdür”.

B.Quliyev bildirib ki, bu gün ölkəmizin Şərqlə Qərb arasında körpü rolunu oynaması barədə deyilən fikirlər həm məntiqi, həm də reallıq cəhətdən isbatlanıb: "Artıq Azərbaycandakı sabitlik dünya ölkələri üçün bir nümunə etalonuna çevrilib. Ona görə də həm NATO, həm də Rusiya Azərbaycana etibar edir, danışıqların aparılması üçün də məkan olaraq əsasən Azərbaycanı seçirlər. Xatırlatmaq istərdim ki, Azərbaycan eyni zamanda ikitərəfli, üçtərəfli və çoxtərəfli görüşlər üçün də mükəmməl siyasi arena olaraq tanınır və bunun daha bir səbəbi Bakının dünya siyasətində sülhpərvərlik carçısı olmasıdır. Ona görə də paytaxtımızın dialoq məkanı olaraq qəbul edilməsi bütövlükdə Azərbaycanın beynəlxalq imicinə stimul verir, nüfuzunu daha da artırır”.






Son Xəbər