XƏBƏR, DÜNYA
9-07-2019, 23:52

Hərbdən qorxan Ermənistanın sülh arzusu

Hərbdən qorxan Ermənistanın sülh arzusu

Avropa İttifaqı hesab edir ki, Dağlıq Qarabağ məsələsinin həllində yeganə yol, siyasi tənzimlənmə yoludur.

Qərbinfo.az xəbər verir ki, Ermənistana məxsus aysor.am saytı Donald Tuskun belə bir fikir səsləndirməsi barədə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Avropa Şurasının prezidenti Donald Tusk Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq siyasi yollarla həll edilə biləcəyi barədə fikir bildirib.

Eyni zamanda Avropa Şurası prezidentinin münaqişənin hərbi yolla həllinin olmaması barədə fikirləri Ermənistan mətbuatında xüsusilə qabardılır və bir çox məsələlər hətta etiraf olunur.

"Aİ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bölgədəki sabitlik barədə danışaraq, həll olunmamış Qarabağ münaqişəsini müzakirə etdik. Hərbi yolla həll yoxdur, amma beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq yalnız siyasi həll yolu var", sözləri, daha doğrusu, Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda görüşdən sonra Tuskun jurnalistlərə söylədikləri erməni mətbuatında işıqlandırılır. Həmçinin qeyd olunur ki, Avropa Şurasının rəhbəri regionda gərginliyin azaldılmasının Brüsseldə yüksək qiymətləndirildiyi fikrindədir.

“Avropa Birliyi, Minsk Qrupunun həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının əsas prinsiplərinə əsaslanaraq ədalətli və davamlı bir həll yoluna yönəldilməsini davam etdirir. Lakin, həmsədrlər kimi, təmas xəttindəki son qurbanlardan narahatlıq duyuruq. Sərbəstliyə şərait yaradan və məhsuldar danışıqlara imkan verən bir atmosferin bərpası üçün tədbirlər olduğu kimi, məsuliyyət vacibdir. Aİ artıq sülhü qorumağa kömək edir və əhalini sülhə hazırlamaq üçün konkret tədbirləri dəstəkləməyə hazırdır " deyə ifadə edən Donald Tuskun fikirləri əlavə olaraq diqqətə çatdırılır.

Sözsüz ki, Ermənistan tərəfinin işğalçı tərəf olmaqla sülh, danışıqlar, siyasi yolla həll barədə özünü maraqlı göstərməsi absurd səslənir. Bəllidir ki, hazırda Ermənistan hərbi yolla həll variantından, daha dəqiq desək, Azərbaycanın hər sahədə olduğu kimi hərbi qüdrətindən də yetərincə qorxur və bu özünü hər bir danışıqlar masasında biruzə verdiyi kimi işğalçı ölkənin mətbuat səhifələrində də öz əksini tapır. Ermənistan KİV-lərində əks olunan işğalçı dözlətin sülh niyyətli olması demək deyil və bu Azərbaycanın hərbi qüdrətindən qorxan Ermənistanın sülh arzusudur.






Son Xəbər