XƏBƏR, SİYASƏT
8-07-2019, 23:44

Qənimət Zahid Əli Kərimlini çıxdaş edir?

Qənimət Zahid Əli Kərimlini çıxdaş edir?
Yaxud, tərəflər arasında açıq və gizli savaşın siyasi mənzərəsi

Bir neçə il əvvəl Azərbaycanı tərk edib Fransaya mühacirət edən və Avropada Azərbaycan əleyhinə təşkil edilən kampaniyalarda iştirak edən, bu istiqamətdə erməni lobbisinin buraxdığı sərmayələr hesabına fəaliyyət göstərən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin AXCP sədri Ə.Kərimli ilə davası "şişməkdə" davam edir. Bu qarşıdurmaların mahiyyəti və səbəbləri barədə mediada müntəzəm məlumatlar getsə də xatırlatmaq yerinə düşərdi ki, fəaliyyəti dayanmış "Azadlıq" qəzetinin əsas rıçaqları, vaxtilə kursunun müəyyənləşdirilməsi, bilavasitə Ə.Kərimlinin əlində olub. Yəni Q.Zahid, faktiki olaraq, "Azadlıq" qəzetinə rəhbərlik etməyib və bu mətbu orqan birbaşa AXCP sədrinin səlahiyyətində olub.

Sorosa bağlı olan donor təşkilatın Əli Kərimlini heçə sayaraq Qənimət Zahidi əsas fiqur kimi nəzərə alması AXCP sədrini özündən çıxarıb

Hazırda adıçəkilən qəzet fəaliyyətini dayandırsa da, Ə.Kərimli indi də Q.Zahidin anti-Azəraycan xarakterli qüvvələrlə əməkdaşlıq etdiyi “Azərbaycan saatı” verlişini ələ keçirməyə, diktəsini orada da tətbiq etməyə çalışır. Daha dəqiq desək, Sorosa bağlı olan donor təşkilatın Ə.Kərimlini heçə sayaraq Q.Zahidi əsas fiqur kimi nəzərə alması isə AXCP sədrini hiddətləndirib

Sözügedən məsələnin mahiyyətini daha dərindən anlamaq üçün bir neçə xatırlatmanı etmək yenə də yerinə düşərdi. Məlumat üçün bildirək ki, “Azadlıq” qəzeti fəaliyyətini dayandırmamışdan qabaq Corc Sorosa bağlı donor təşkilatlardan biri “layihə” çərçivəsində bu mətbu orqana 175 min avro qrant ayırmışdı. Bu pulu Azərbaycana birbaşa çatdırmaq imkanı olmayan təşkilat həmin vəsaiti hazırda Fransada yaşayan Q.Zahidə ötürmüşdü. Məhz həmin ərəfədən, baş redaktorla AXCP sədrinin arasında şiddətli qarşıdurmalara start verilmişdi. Daha dəqiq desək, Q.Zahid pulu götürdükdən sonra Ə.Kərimliyə düşən payı ona çatdırmayıb, əvəzində isə, yeni "layihəyə" başladığını bildirmişdi. Q.Zahid iddiasına səbəb də tapmışdı. O, "Azadlıq" qəzetinin çapının bərpa olunmamasından narahatlığını və qəzetin saytının informasiya siyasətindən narazı olduğunu Ə.Kərimliyə çatdırmışdı.

Canlı yayımlara dəvət edilən qonaqlar sırasında AXCP sədrini tez-tez görmək mümkün deyil – səbəbləri var...

Hətta vəziyyət o həddə qədər inkişaf etmişdi ki, Ə.Kərimli Q.Zahidin ittihamlarından sonra 175 min avronu geri almaq üçün "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevi, eləcə də, digər bir neçə cəbhəçini Fransaya minnətə göndərmişdi. Məhz bundan sonra tərəflər arasında qarşıdurma daha da qızışmışdı. Məlumata görə, vəziyyət o həddə çatmışdı ki, R.Hacıyevlə Q.Zahid pul üstündə əlbəyaxa olublar və onlar bir-birlərini möhkəm əzişdirməyə belə macal tapıblar. Əlbəttə ki, Fransa polisinin müdaxiləsinə qədər. Həmin vaxt əldə edilən məlumatlara görə, Q.Zahid Ə.Kərimlinin minnət elçisinə demişdi ki, aldığı pulu AXCP sədrinə verməyəcək. Çünki o, bu pulu "Azadlıq" qəzetinə deyil, özünün və partiyanın xərclərinə sərf etmək niyyətindədir və beləliklə, həmin dava bu gün də davam etməkdədir. Xüsusilə, “Azərbaycan saatı” adlı verlişə dəvət edilən qonaqlar sırasında AXCP sədrini tez-tez görmək mümkün deyil.

Yeri gəlmişkən, bənzər hadisələr ilk dəfədir ki, yaşanmır. Hətta pul amili cəbhəçilər üçün o qədər önəmli və əhəmiyyətlidir ki, bu məsələdə ailələrinə belə heç bir güzəştə getmirlər. Buna misal kimi, daha bir məlum hadisəni xatırlaya bilərik. Belə ki, burada da Q.Zahidin və Ə.Kərimlinin adlarının hallanmasından yan keçilməyəcək...

Onların maddi maraqları siyasi maraqlarını hər zaman üstələyib

Q.Zahidin doğma qardaşı, hazırda Belçikada mühacir həyatı yaşayan Mirzə Zahidov (Sakit təxəllüsü ilə-R.N.) "Azadlıq" qəzetində fəaliyyət göstərdiyi vaxtlar AXCP-yə axan pullardan xəbərdar olub və qardaşı Q.Zahidin eyş-işrətlə məşğul olması, mənəviyyatsız və əhli-kef həyat sürməsi onu hiddətləndirib. Çünki həmin vaxtlar "Azadlıq"da çalışan əməkdaşların maaşları ya verilmirdi, ya da zəhmət haqları qəpik-quruşla ödənilirdi. Əvəzində, Ə.Kərimli də partiyaya və qəzetə ünvanlanan pulların bir hissəsini şəxsi məqsədlərinə xərcləyirdi, hətta qəzetin borclarını belə ödəməkdən yayınırdı.

Məhz bundan sonra M.Sakit qardaşı ilə dalaşaraq qəzetdən çıxıb, bu gün də onların arasında heç bir münasibətləri yoxdur. Yəni görünən budur ki, həmin vəziyyət bu gün də eyni şəkildə davam etməkdədir.

Artıq belə qənaətə gəlmək olar ki, "Azadlıq" üstündə baş verən dava-qırğınların nəticəsi bu qəzetin fəaliyyətinin dayanması ilə yanaşı, həm də AXCP-də vəziyyətin hansı həddə olduğunun göstəricisidir. Əgər bu gün istər Ə.Kərimli ölkədə və xaricdə baş verənlərə hər hansı münasibət göstərirsə, onun bir siyasətçi kimi ictimai rəydə maraqlı olması heç də inandırıcı görünmür. Sosial şəbəkələr vasitəsi ilə saxta profillərlə “like”lər yığmaqla isə siyasi üstünlük qazanmaq əsla mümkün deyil. Ə.Kərimli-Q.Zahid qarşıdurmaları isə tam sürətlə davam edir...

Qərbinfo.az "SİA"-ya istinadən.






Son Xəbər