XƏBƏR, İQTİSADİYYAT
8-07-2019, 21:30

Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub

Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan sahibkar və menecerlərinin Almaniyada növbəti ixtisasartırma kursu başa çatıb.

KOBİA-dan Qərbinfo.az-a bildirilib ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 18 sahibkar və menecer iyunun 11-dən iyulun 6-dək Almaniyanın Heydelberq şəhərindəki “AHP-International” Tədris Mərkəzində təlimlərdə, müvafiq müəssisələrdə istehsalat təcrübəsində iştirak ediblər.

Kurs müddətində sahibkar və menecerlər “Mercedes-Benz”də, eləcə də digər istehsal müəssisələrində olub, turizm, İKT və digər sahələr üzrə ixtisaslaşmış şirkətlərdə işgüzar görüşlər keçiriblər.

Təlim müddətində, həmçinin hər 2 ölkənin adət-ənənələri ilə tanışlıq məqsədilə mədəni tədbirlər təşkil olunub, Azərbaycanın qədim tarixini, mədəniyyətini əks etdirən əl işləri və yerli məhsullarımız nümayiş edilib.

İndiyədək 419 sahibkar və menecer “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.






Son Xəbər