XƏBƏR, MƏDƏNİYYƏT
2-07-2019, 19:07

“Xalq sənətkarlığı və kreativ sənaye” adlı konfrans keçirilib

“Xalq sənətkarlığı və kreativ sənaye” adlı konfrans keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçiriləcək I Respublika Sənətkarlıq Festivalı çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Atatürk Mərkəzində “Xalq sənətkarlığı və kreativ sənaye” adlı konfrans təşkil edib.

Qeyd edək ki, konfrans “UNESKO-nun İrs Komitəsinin 43-cü sessiyası” çərçivəsində baş tutub.

Qərbinfo.az xəbər verir ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi direktoru Asif Usubəliyev çıxış edərək, qeyd etdi ki, konfrans respublikamızda sənətkarlığın inkişafı, bu sahə ilə məşğul olan şəxslərin, təşkilatların, özəl müəssisə və digər təsisatların dəstəklənməsi, onların sərgi və satış imkanlarının artırılması, gənc nəslə qədim əl işləri sənətinin öyrədilməsi məqsədi ilə keçirilir.

Həmçinin, konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova “Mədəni irs və kreativ sənaye”, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Elmi katibi Cavid Əliyev “Lahıc misgərlik sənəti: mədəni irs və sənətkartlıq harmoniyası” mövzusunda, şöbə müdiri Nurəddin Babazadə “Kreativ sənaye və mədəniyyət”, sektor müdirləri Aygün Balabəyova “Xalq sənətkarlığında yeni trendlər”, Ceyhun Əhmədov “Müasir dünyada kreativ sənaye amili”, mövzularında məruzələrlə çıxış etdilər. Elnarə Hacıyeva “Sənəti və sənətkarları yaşadaq” regionlarda fəaliyyət göstərən sənətkarların məlumat bazasının təqdimatını etdi. Konfrans şıxlar sənətkarı Yusif Hacıyevin, Sumqayıt gənclər evinin rəngkarı Nigar Qurbanovanın və digər sənətşünaslar və sənətkarların çıxışları ilə davam etdirildi.

Çıxış edənlər qeyd etdi ki, ölkəmizdə əl işləri sənətinin üç min ildən artıq zəngin tarixi vardır. Azərbaycan sənətkarlarının istehsal etdikləri qədim və orta əsrlərə aid onlarla xalçaçılıq, misgərlik, dulusçuluq, dəmirçilik məhsulları, əmək alətləri dünyanın ən məşhur muzeylərinin eksponatlarına çevrilmişdir. Azərbaycan memarlarının öz dəsti-xətti ilə seçilməsi qonşu ərazilərdən ölkəmizə əl işləri texnologiyasının öyrənilməsi üçün təcrübə məqsədilə səyyahların, ustaların gəlməsinə səbəb olmuşdur. Səmərqənd, Buxara, İstanbul kimi möhtəşəm şəhərlərin memarlığına və sənətkarlığına Azərbaycan ustalarının güclü təsiri olmuşdur.

Azərbaycan sənətkarlığı bu gün beynəlxalq miqyasda milli mədəniyyətimizin tanıdılması üçün mühüm vasitədir. Xarici dövlətlərdə təşkil olunan müxtəlif sərgi, konfrans, aidiyyəti digər tədbirlərdə mədəni irsimizin nümayişində sənətkarlıq məhsulları əhəmiyyətli rol oynayır.

Vurğulandı ki, ölkə rəhbərliyinin, Heydər Əliyev fondunun milli mədəniyyətimizə göstərdiyi yüksək qayğı və diqqətin nəticəsidir ki, respublikamızda mədəni sənaye öz inkişaf mərhələsinə qədəm qoyub. Aparılan məqsədyönlü siyasət nəticəsində milli sənətkarlıq nümunələrinin və onların hazırlanması texnologiyasının da daxil olduğu on bir qeyri-maddi mədəni irs nümunəmiz UNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na, ikisi isə “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilib.

Konfrans təltifetmə mərasimi ilə başa çatıb.

“Xalq sənətkarlığı və kreativ sənaye” adlı konfrans keçirilib
“Xalq sənətkarlığı və kreativ sənaye” adlı konfrans keçirilib
“Xalq sənətkarlığı və kreativ sənaye” adlı konfrans keçirilib
“Xalq sənətkarlığı və kreativ sənaye” adlı konfrans keçirilib






Son Xəbər