XƏBƏR, MƏDƏNİYYƏT
29-06-2019, 09:48

Bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini 500-dək tələbə bitirir

Bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini 500-dək tələbə bitirir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Məzun günü” qeyd olunub. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Universitetdən Qərbinfo.az-a bildirilib ki, tədbiri açan rektor Ceyran Mahmudova əlamətdar gün münasibətilə məzunları və valideynləri təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışan rektor dövlətin gənclər siyasətinin, Prezident İlham Əliyevin gənclər barədə verdiyi sərəncamların əhəmiyyətini vurğulayıb. O, məzunları ADMİU-nun adını uca tutmağa və ölkəmizin inkişafı üçün töhfə verməyə çağırıb. Rektor hərbi xidmətə gedəcək məzunlara Vətənin keşiyində möhkəm dayanmağı arzulayıb.

Universitetin fakültə dekanları, müəllimlər, tanınmış incəsənət xadimləri səhnəyə çıxaraq tələbələri təbrik ediblər.

Səhnəyə dəvət olunan məzunların bəziləri ürək sözlərini bildirib. Tələbələr universitetdə yaradılmış şəraitə, onlara həmişə sevgi və qayğı ilə yanaşıldığına görə universitet rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürlərini bildiriblər.

Sonra məzunlar – Musiqi sənəti fakültəsinin tələbəsi, VII Muğam Televiziya Müsabiqəsinin laureatı Rəvan Qaçayev və Kulturologiya fakültəsinin tələbəsi Tamara Məmmədova ADMİU-nun rəmzi bayrağını Kino və televiziya fakültəsinin III kursunda təhsil alan qabaqcıl tələbələr Mövlud Mehralıyev və Səadət Səftərovaya təhvil veriblər.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə ADMİU-nun tələbələri və əvvəlki tədris illərinin məzunları iştirak ediblər.

Xatırladaq ki, bu il ADMİU-nu ümumilikdə 500-ə qədər tələbə bitirir.






Son Xəbər