XƏBƏR, İDMAN
27-06-2019, 23:36

Karateçilərimiz ikinci Avropa Oyunlarında iştirak etmək üçün Minskə yola düşüblər

Karateçilərimiz ikinci Avropa Oyunlarında iştirak etmək üçün Minskə yola düşüblər
Azərbaycan karateçiləri ikinci Avropa Oyunlarında iştirak etmək üçün Belarusun paytaxtı Minskə yola düşüblər.

Azərbaycan Karate Federasiyasından Qərbinfo.az-a bildiriblər ki, iyunun 29-30-da keçiriləcək karate yarışlarında ölkəmizi 7 idmançı təmsil edəcək. Roman Heydərov (kata), İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (+84 kq) iyunun 29-da mübarizə aparacaqlar. Nuranə Əliyeva (50 kq), Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq) və Rafael Ağayev (75 kq) iyunun 30-da tatami üzərinə çıxacaqlar.

Karateçilər Minskin “Çijovka Arena” kompleksində yarışacaqlar. Səkkiz idmançı iki qrupda mübarizə aparacaq. Hər qrupdan iki ən güclü karateçi yarımfinalda qarşılaşacaq. Qaliblər ikinci Avropa Oyunlarının qızıl, məğlub olan idmançılar isə bürünc medalı uğrunda mübarizə aparacaqlar. Hər çəki dərəcəsində Oyunların 8 iştirakçısından 6-sı idmançı təsnifat xalları ilə seçilib. Qalan iki karateçidən biri təşkilatçı ölkə, digəri isə Avropa Karate Federasiyası (EKF) tərəfindən təyin olunub.

Karate yarışlarını idarə edən ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Cahangir Babayev də var. İdmançılarla bir yerdə Minskə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, idarə heyətinin üzvü Fizuli Musayev, eləcə də baş məşqçilər Bahəddin Kandaz (kumite), Vahid Ayvazov (kata), böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və karateçilərin fərdi məşqçiləri də yola düşüblər.






Son Xəbər