XƏBƏR, SİYASƏT
27-06-2019, 11:21

Misir KİV-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyi geniş işıqlandırılıb

Misir KİV-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyi geniş işıqlandırılıb
Misirin bir sıra aparıcı KİV-i Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyinin tamam olması ilə bağlı geniş məqalələr dərc edib.

Qərbinfo.az xəbər verir ki, Misirin “Asia al Youm” informasiya agentliyi, “Gumhuriyya onlayn”, “Al Masriyya”, “Egyptnews”, “alnasher.com” və digər xəbər portallarında yayılan məqalələrdə 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusunun yaranmasından və Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan bəhs edilir.

Qeyd olunur ki, həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilib ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratması və hökumət tərəfindən 25 min nəfərlik ordu yaradılması vəzifəsi irəli sürüldükdən sonra, avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunub.

Yazılarda qısa müddətdə Milli Ordunun Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilməsi xüsusi vurğulanır və bildirilir ki, 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra Hərbi Nazirlik ləğv olunub.

Daha sonra ümummilli lider Heydər Əliyevin ölkəmizin iqtisadiyyatının inkişafı və hərbi potensialının möhkələndirilməsindəki rolundan, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunması sahəsində göstərilən səylərindən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açılır. Bildirilir ki, son illər ərzində Azərbaycanın hərbi potensialının möhkəmləndirilməsi və silahlı qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusuna çevrilməsi sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında böyük işlər görülüb.

Ölkəmizin hərbi silah istehsalçısı olması və öz hərbi məhsullarını xarici ölkələrə ixrac etməsi xüsusi vurğulanır. Hər il Azərbaycan 45 ölkənin iştirak etdiyi beynəlxalq müdafiə sərgisi təşkil edir və orada öz yeni məhsullarını nümayiş etdirir. Xüsusi vurğulanır ki, BMT-nin dünya ölkələri ordularının gücü ilə bağlı “Global Firepower” hesabatında Azərbaycan Silahlı Qüvvələri gücünə görə 59-cu yeri tutur və Cənubi Qafqazın ən qüdrətli ordusu kimi tanınır.






Son Xəbər