XƏBƏR, İQTİSADİYYAT
8-06-2019, 17:44

“Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə görüş olub

“Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə görüş olub
İyunun 8-də Dövlət Gömrük Komitəsində (DGK) yeni yaradılan "Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib.

Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Qərbinfo.az-a bildirilib ki, görüşdə DGK-nın sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri və "Könüllü gömrükçü" dəstəsinin 131 üzvü iştirak edib.

"Könüllü gömrükçü"lər qarşısında çıxış edən S.Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə ölkədə könüllülük hərəkatının geniş vüsət aldığını bildirib, bunun da ölkə başçısının gənclərə göstərdiyi qayğının, Azərbaycan gəncliyinə olan inamının bariz nümunəsi olduğunu vurğulayıb.

Komitə sədri diqqətə çatdırıb ki, gömrük sistemində könüllülük hərəkatının yaradılması gənclərin potensialından daha da səmərəli istifadə etməyə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına, onlara peşə vərdişlərinin aşılanması və təcrübi biliklərinin artırılmasına, innovativ potensiallarının üzə çıxarılaraq dəstəklənməsinə şərait yaradacaq.

Dövlətimizin gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran S.Mehdiyev Ulu Öndərin istər keçmiş ittifaq dönəmində, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi müddətdə gənclərin təhsil, sağlamlıq, peşə bilik və vərdişlərinə yiyələnmək məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd edib. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirən komitə sədri Birinci vitse-prezident Mehriban Əliyevanın da dəstəyi ilə gənclərin istər dövlət, istər özəl sektorda daim irəli çəkildiyini, onlara yüksək etimad göstərildiyini və hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

S.Mehdiyev ölkəmizdə son illərdə keçirilən mötəbər tədbirlərdə könüllülərin fəal iştirakının daim yüksək qiymətləndirildiyini bildirib, gömrük sistemində də könüllülük hərəkatının özünü doğruldacağına, mühüm nailiyyətlərə imza atacağına əminliyini ifadə edib.

Gömrük sistemində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, bu islahatların mahiyyəti, hədəf və uğurlu nəticələri barədə qısa məlumat verən komitə sədri "Könüllü gömrükçü" dəstəsinin də gömrük işinin səmərəli şəkildə təşkilinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Könüllülər adından çıxış edən Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Şəhri Qasımzadə ölkəmizdə könüllülük institutunun sürətlə inkişaf etdiyini, bunun gənclər üçün yaradılan önəmli fürsət olduğunu və göstərilən etimadı doğrultmaq istiqamətində səylə çalışacaqlarını bildirib.

Sonda yeni yaradılan "Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə xatirə şəkli çəkdirilib, DGK-nın sədri onlara tövsiyələrini verərək uğurlar arzulayıb.

“Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə görüş olub






Son Xəbər