XƏBƏR, DÜNYA
3-06-2019, 22:53

Liviyada hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı 600 nəfəri ötüb

Liviyada hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı 600 nəfəri ötüb
Liviya paytaxtı uğrunda gedən döyüşlər nəticəsində azı 607 nəfər, o cümlədən 40 dinc sakin həlak olub.

Qərbinfo.az Dünya Səhiyyə Təşkilatının Liviya bölməsinin “Twitter” səhifəsinə istinadla xəbər verir ki, aprelin 4-dən başlayan hərbi əməliyyatlar nəticəsində, həmçinin 3261 nəfər yaralanıb. Onların 117-si dinc sakindir.

Xatırladaq ki, aprelin 4-də Xəlifə Haftara sadiq qüvvələr Tripoliyə hücum edərək paytaxtın cənubunda yerləşən Qaryan və Surman şəhərlərini ələ keçirib. Paytaxta nəzarət edən və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saraca tabe hərbi birləşmələr tam döyüş hazırlığı səviyyəsinə gətirilib və Haftar qüvvələrinə qarşı “Qəzəb vulkanı” əməliyyatına başlayıblar. Hazırda paytaxt ətrafında döyüşlər davam edir.

2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsindən və öldürülməsindən sonra Liviya gərgin siyasi böhran dövründə yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir.

Ölkənin şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Haftarla əməkdaşlıq edir.






Son Xəbər