XƏBƏR, SİYASƏT
30-05-2019, 23:29

"Anti-Azərbaycan qüvvələrin “fəaliyyəti” heç bir nəticə vermədi"

"Anti-Azərbaycan qüvvələrin “fəaliyyəti” heç bir nəticə vermədi"
UEFA Avropa Liqasının final oyununun Bakıda uğurla keçirilməsi Azərbaycanın nüfuzlu beynəlxalq tədbirləri, o cümlədən dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını bir daha nümayiş etdirdi. Azərbaycan bir daha sübut etdi ki, belə mötəbər tədbirləri təşkil etmək üçün ən müasir infrastruktura malik ölkədir.

Qərbinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova "AZƏRTAC" -a müsahibəsində deyib.

Final qarşılaşması zamanı hər hansı problemin, insidentin yaşanmamasının tədbirin yüksək səviyyədə təşkil edilməsinin göstəricisi olduğunu bildirən M.Məcidova deyib: “İndiyədək Azərbaycana gələn qonaqlar ictimai asayişin təmin olunması, mövcud sabitlik və təhlükəsizlik mühiti, genişmiqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar. Hazırlığın yüksək səviyyəsi xaricdəki anti-Azərbaycan qüvvələrin və onların daxildəki əlaltılarının bütün iddialarını alt-üst etdi, ölkəmiz əleyhinə aparmaq istədikləri qarayaxma kampaniyası iflasa uğradı. Azərbaycan isə təsdiq etdi ki, 2020-ci ildə Avropa çempionatının dörd oyununu da yüksək səviyyədə təşkil etmək və uğurla keçirmək gücünə, bacarığına malikdir”.

Şuranın sədri vurğulayıb ki, Azərbaycanda kifayət qədər peşəkar və ixtisaslı gənclərin olması, gənclərin könüllülük fəaliyyəti, ən əsası ölkəmizin mötəbər yarışlara ev sahibliyində zəngin təcrübəsi UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda uğurla təşkil olunmasına zəmin yaratdı.






Son Xəbər