XƏBƏR, İDMAN
30-05-2019, 18:33

"Azərbaycan daha bir növbəti mötəbər yarışdan alnıaçıq çıxdı"

 "Azərbaycan daha bir növbəti mötəbər yarışdan alnıaçıq çıxdı"
Bu gün Azərbaycanda idman cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə edilib. Fəxrlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub.

Qərbinfo.az xəbər verir ki, bu sözləri YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib. O qeyd edib ki, uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın bu zaman kəsiyində idman sahəsində əldə etdiyi nailiyyətlər isə beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmayıb, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilib.

Bildirilib ki, UEFA Avropa Liqasının final qarşılaşmasının ölkəmizdə keçirilməsi qərarının qəbul edilməsində, əlbəttə ki, Azərbaycanın dünya miqyasında özünü dinamik inkişaf edən müasir, güclü ölkə kimi təqdim etməsi xüsusi əhəmiyyət daşıyır. Bu final qarşılaşmasının Azərbaycana həvalə olunması regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanması, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitliklə yanaşı, ölkəmizin yürütdüyü idman siyasətinə verilən ən yüksək qiymətdir. Azərbaycanın digər mühüm uğuru isə ölkədə beynəlxalq yarışları bacarıqla təşkil etməsidir. Hər növ idman yarışlarının keçirilməsi üçün müvafiq idman qurğu və saraylarına, mehmanxana komplekslərinə, bütün növ nəqliyyat vasitələrinə və qonaq qarşılamaq mədəniyyətinə, nadir mətbəxə malik olan ölkəmizdə hamı həvəslə yarış keçirməyə çalışır.

H.Şikarov vurğulayıb ki, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının yüksək səviyyədə keçirilməsi və təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması antimilli ünsürlərin qarayaxma kampaniyalarının heç bir əsası olmadığını və ölkəmizin növbəti beynəlxalq tədbirdən alnıaçıq çıxdığını təsdiqləmiş oldu. Bu qarşılaşma, eyni zamanda, Azərbaycanın turizm potensialının inkişafında da xüsusi rol oynadı. Bakıya gələnlərin, şəhərimizi, ölkəmizi tanıyanların sayı artdı. Turistlərin böyük əksəriyyəti Bakıya ilk dəfə gəlirdilər. Onlar bir daha şahidi oldular ki, Bakı necə gözəl, inkişaf etmiş və təhlükəsiz şəhərdir.

Beynəlxalq tədbirlər dünyaya ölkənin səviyyəsini nümayiş etdirir. İstənilən beynəlxalq tədbir, həmçinin idman yarışları yeni dostların qazanılması deməkdir. Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan dünyaya günəş kimi doğacaq. Budur, Azərbaycan dünyaya şəfəq saçır və dinindən, irqindən asılı olmayaraq, hər kəs bir müsəlman ölkəsində təşkil edilən idman yarışına tamaşa etdi. Bu, bizi qürurlandırır və xalqımıza bir daha böyük sevinc hissləri yaşadır.






Son Xəbər