XƏBƏR, DÜNYA
30-05-2019, 10:30

İslam Əməkdaşlıq Təşkilatının XIV Zirvə toplantısı çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

İslam Əməkdaşlıq Təşkilatının XIV Zirvə toplantısı çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İƏT-in “Gələcəyə doğru birlikdə gedək” devizi altında XIV Zirvə toplantısına hazırlıq iclası keçirilib.

Qərbinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri İbrahim bin Əbdüləziz əl-Assafın sədrliyi ilə keçirilən görüşdə İslam dünyasının üzləşdiyi problemlərdən söhbət açılıb, Zirvə toplantısının mövzuları ətrafında müzakirələr aparılıb.

Tədbirdə İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Əsimeyn çıxış edərək bildirib ki, İslam dünyasında baş verən hadisələr, o cümlədən Fələstin, Cammu və Kəşmir, Dağlıq Qarabağ problemləri, Rohinca müsəlmanlarının və digər müsəlman cəmiyyətlərinin üzləşdiyi problemlər İƏT-in daim diqqət mərkəzindədir. Baş katib qeyd edib ki, ekstremizm və terror bütün dünyanın, o cümlədən İslam ölkələrinin təhlükəsizliyini və sabitliyini təhdid edən ən böyük təhlükələrdən biri olaraq qalır. Bu iki amil cəmiyyətlərin təməllərini sarsıdır, ölkələrin inkişafını zəiflədir, dəyərlərini məhv edir.

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər naziri İbrahim bin Əbdüləziz əl-Assaf çıxışında deyib ki, İslam dünyası çox təhlükəli çağırışlarla və dəyişikliklərlə üz-üzədir. İslam ölkələrinin daxili işlərinə müdaxilələr, qaçqın və məcburi köçkün axınının artması, ekstremizm, terror və məzhəbçiliyin yayılması kimi mənfi hallar baş verir. Nazir bunun üçün İslam dünyasını ciddi mövqe ortaya qoymağa, mümkün həll yollarını tapmağa çağırıb.

Qeyd edək ki, İƏT-in XIV Zirvə toplantısı üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə mayın 31-də Məkkə şəhərində keçiriləcək.
İslam Əməkdaşlıq Təşkilatının XIV Zirvə toplantısı çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib






Son Xəbər