XƏBƏR, İDMAN
28-05-2019, 16:56

Bakı müasirliyinə və gözəlliyinə görə dünyanın ən böyük şəhərləri ilə eyni səviyyədədir

Bakı müasirliyinə və gözəlliyinə görə dünyanın ən böyük şəhərləri ilə eyni səviyyədədir

Azərbaycana üç gün əvvəl gəlmişəm. Mən böyük şəhərləri çox sevirəm. Çünki böyük şəhərlər daha rəngarəng olur. Buna görə də Bakını ilk baxışdan çox sevdim.

Qərbinfo.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn xorvatiyalı futbol azarkeşi Mate Vukoja deyib.

Təbii ki, Bakıya UEFA Avropa Liqasının final matçını izləmək üçün gəlmişəm. Mən “Çelsi” komandasının azarkeşiyəm. Çünki bu komandada mənim həmyerlim Mateo Kovaçiç forma geyinir. Finalda qarşılaşmanın çox gərgin keçəcəyi gözlənilsə də “Çelsi” komandasının qalib gələcəyinə inanıram.

Bakıda bir çox şəhərlərin elementlərini görməyin mümkün olduğunu, şəhərin tarixi-mədəni irsinin zəngin və valehedici olmasına heyran qaldığını qeyd edən xorvatiyalı turist bildirib: “Bakı çox rəngarəng, zəngin mədəniyyəti olan gözəl şəhərdir. Burada diqqətimi cəlb edən ən əsas cəhət şəhərin son dərəcədə gözəl, təmiz və özünəməxsus memarlıq üslubunda inşa edilən binalarla zəngin olmasıdır. Bakıda elə küçələr var ki, orada özümü Los-Ancelesdəki kimi hiss edirəm. Başqa bir küçədə olduqda isə özümü sanki Moskvada hiss edirəm. Bu da Bakının dünyanın ən böyük və gözəl şəhərləri ilə eyni səviyyədə olduğunu göstərir. Ancaq ümumilikdə Bakı memarlıq üslubuna görə mənə daha çox Parisi xatırladır”.

Ölkəmizdə olduğu müddətdə Azərbaycan milli mətbəxinin nümunələrindən dadmağa çalışdığını vurğulayan Mate Vukoja deyib: “Azərbaycanın milli mətbəxi çox zəngindir. Təkcə səhər yeməyində müxtəlif çeşiddə dadlı təamlar təklif olunur. Mümkün olduğu qədər bütün xörəklərin dadına baxmaq istəyirəm. Çünki Azərbaycan xalqının milli mətbəxi çox zəngindir”.

Qeyd edək ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında Londonun "Arsenal" və "Çelsi" klubları qarşılaşacaq. Görüş saat 23:00-da başlayacaq.






Son Xəbər