XƏBƏR, HADİSƏ
27-05-2019, 22:31

Şəmkirdə quldurluq etmiş iki nəfər tutulub

Şəmkirdə quldurluq etmiş iki nəfər tutulub
Mayın 20-də Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yaşayan G.Qasımovanın evinə girmiş maskalı iki şəxsin onun əl və ayaqlarını bağlayaraq 3000 rubl pulunu, mobil telefonunu və qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-a bildiriblər ki, quldurluq əməlini törədən həmin şəxslərin Samux rayon Qarayeri qəsəbə sakinləri 31 yaşlı Vəli Şəfiyev və onun tanışı, əvvəllər məhkum olunmuş 28 yaşlı Yusif Kazımov olduğu aparılan əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində satdıqlarını, pulunu isə öz aralarında böldüklərini bildiriblər.

Həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlər törətmələri ehtimal olunduğundan istintaq-əməliyyat tədbirləri davam etdirilir.






Son Xəbər