XƏBƏR, SİYASƏT
25-05-2019, 23:59

Onkoloji xəstəliklərə qarşı mübarizə sahəsində "Tədbirlər Planı" hazırlanır

Onkoloji xəstəliklərə qarşı mübarizə sahəsində "Tədbirlər Planı" hazırlanır
Minskdə, MDB İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin onkoloji xəstəliklərə qarşı mübarizə sahəsində Əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsinə dair Tədbirlər Planı layihəsinin təkmilləşdirilməsi üzrə ekspert qrupunun iclası keçirilib. Azərbaycan nümayəndələrinin də iştirak etdikləri görüş videokonfrans formatında təşkil edilib.

Qərbinfo.az MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, ekspertlər Tədbirlər Planı layihəsini müzakirələrin nəticələrini nəzərə alaraq təkmilləşdirib və razılaşdırıblar. Sənəd 2020-2024-cü illərdə Birlik məkanında həyata keçiriləcək. Ekspertlər səviyyəsində görüşün yekunlarına əsasən sənədi müəyyən olunmuş qaydada baxılması üçün MDB Hökumət Başçıları Şurasına təqdim etmək qərara alınıb.

Ekspertlər qrupunun sədri Natalya Yefimenkonun sözlərinə görə, planda istər yaşlı insanlar, istərsə də uşaqlar arasında onkoloji xəstəliklərin profilaktikası və müalicəsi məsələləri eyni dərəcədə ətraflı təsvir olunub. Mütəxəssis fikrini belə izah edib: “Sənəddə təsbit edilmiş yeni qarşılıqlı fəaliyyət istiqaməti skrininq tədqiqatlarının aparılmasıdır. Palliativ yardım və reabilitasiya aspektlərinə toxunulub, çünki bunlar olmadan hər hansı ölkənin səhiyyə sisteminin fəaliyyəti səmərəli sayıla bilməz. Biz hazırda son dərəcə aktual istiqamət olan psixoonkologiya sahəsində əməkdaşlığı da müzakirə etdik. Onkologiya xidmətinin sosial və tibbi aspektlərinin qarşılıqlı əlaqəsi məsələləri də bir neçə əlaqədar nazirlik və idarənin qarşılıqlı fəaliyyəti, onkoloji xəstəliklərin vurduğu ziyanla əlaqədar sosial-iqtisadi problemlər nöqteyi-nəzərindən kollektivin müzakirəsinə çıxarılıb.

Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin Uşaq onkoloji xidmətinin müdiri Reyman İsmayılzadə vurğulayıb ki, Azərbaycanda onkoloji xəstəliklərdən əziyyət çəkən bütün pasiyentlərin ixtisaslı yardımla vaxtında təmin edilməsi üçün bütün zəruri tədbirlər ən yüksək səviyyədə görülür. Məsələn, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzi Cənubi Qafqazda ən iri belə mərkəzdir. Ən müasir texnika ilə təchiz olunmuş bu mərkəzdə müalicə ən müasir protokol əsasında aparılır.

O deyib: “İndi biz bədxassəli şişlər aşkar edilmiş uşaqların müalicəsi üçün Avropa və Amerika protokollarını tətbiq edirik. Bizim əldə etdiyimiz nəticələr Avropa səviyyəsindən azacıq geri qalır. Lakin 5-7 il sonra biz Avropa səviyyəsinə çıxmağa ümid bəsləyirik. Bizim kimya terapiyası, şüa terapiyası və cərrahiyyə üçün çox yaxşı bazamız var”.

Reyman İsmayılzadə bildirib ki, Azərbaycan bu il yanvarın 1-dən elektron sağlamlıq kartı sisteminə keçib. O deyib: “Biz bir il sonra bu bazadan ölkə üzrə istənilən informasiyanı, məsələn, həkimin neçə pasiyenti olması, apardığı cərrahiyyə əməliyyatlarının sayı, əməliyyatdan sonra hansı fəsadların olması, pasiyentin xəstəxanada nə qədər yatması barədə informasiyanı əldə edə bilərik. Sonra bu məlumatlar əsasında respublika kanser registrinin yaradılmasına başlayacağıq. Registrdə pasiyentin diaqnozu, onun yaşı və cinsi, xəstəliyin morfologiyası, fenotipi, müalicənin nəticəsi barədə informasiya yerləşdiriləcək. Mütəxəssisin fikrincə, gələcəkdə MDB ölkələrinin vahid kanser registrini yaratmaq mümkün olacaq.






Son Xəbər