XƏBƏR, SİYASƏT
23-05-2019, 23:29

“Amnesty International”ın Azərbaycan qərəzi

“Amnesty International”ın Azərbaycan qərəzi
“Amnesty International” təşkilatı UEFA Avropa Liqasının final qarşılaşmasının Azərbaycanda keçirilməsi ilə bağlı ölkəmiz əleyhinə bir sıra əsassız fikirlər səsləndirib. Təşkilatın məlumatında ölkəmizdə insan haqlarının vəziyyətinin guya qənaətbəxt olmaması ilə bağlı fikirlərə yer verilib.

Qərbinfo.az Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Xalid Niyazovun “Amnesty International”ın ölkəmizlə bağlı qərəzsiz mövqeyinə dair qeydlərini təqdim edir.

İnkişaf, rifah, xoş güzəran, sülh, əmin-amanlıq... Bu dəyərlər Yer üzünün hansı coğrafi en və uzunluğunda məskunlaşdığından asılı olmayaraq, hər bir insanın, xalqın, millətin təbii arzusu, başlıca haqqıdır. Lakin bunu da bir-birinə çox görənlər var.

Azərbaycan Respublikası inzibati cəhətdən öz sərhədləri daxilində qalsa da, ölkənin inkişafı, nailiyyətləri, strateji perspektivləri həmin coğrafi çərçivəni yararaq dünyaya inteqrasiya edib. İyirmi altı illik həqiqi müstəqillik tarixi olan bir dövlətin əldə etdiyi uğurlar, heç şübhəsiz, istər yaxınlıqdakı “çəpər qonşuları”mızın, istərsə də hər nə qədər müasir və dünyəvi olsa da, bir müsəlman ölkəsinin nailiyyətlərini həzm edə bilməyən bəzi Qərb və okeanarxası güc mərkəzlərinin yuxusuna haram qatıb.

Bəlkə də qəbul olunmuş politoloji nəzəriyyələr, müasir dünyamızın siyasi xəritəsini özünün məqbul saydığı ehkamlar və miqyaslarla çəkən geosiyasi reallıqlar kontekstindən təəccüblənməyə əl yeri qoymayan bir gerçəklikdir, ancaq düşündürən həqiqətdir. Heç kim sərhədinin o tayında müstəqil, inkişaf etmiş, zaman etibarilə qısa müddətdə özünü dünyaya tanıtdıran, təsdiq etdirən, hər gün bir uğuru ilə dünyaya açılan və gerçəkdən heyrətləndirən Azərbaycan görmək istəmir.

Nə üçün? Bunun cavabı çox müxtəlifdir.

Azərbaycanın ən böyük nailiyyəti və siyasi neməti olan xalq-hakimiyyət birliyinə “toz qondura” bilməyən beynəlxalq güclər zaman-zaman və bir qayda olaraq yaratmış olduqları müxtəlif qeyri-hökumət təşkilatları vasitəsilə ölkəmizə təsir etməyə, nüfuzunu aşağı salmağa çalışırlar. Ölkəmizin iqtisadi yüksəlişi və həyat səviyyəsi ilə bağlı ən müxtəlif beynəlxalq reytinqlərdə irəliləməsinə rəğmən bəzi fitnəkar beynəlxalq hüquq müdafiə təşkilatlarının Azərbaycanda fikir və söz azadlığının pozulması, vicdan azadlığı, siyasi məhbuslar barədə hər yeni olduğu qədər də köhnə demarşları bu “humanist” təşəbbüslərin bəzi gizli mətləblərdən xali olmadığını, mütləq və birmənalı şəkildə hansısa tendensiyalı niyyətləri təqib etdiyini düşünməyə və söyləməyə kifayət qədər əsas verir.

“Amnesty International” da bu sırada nə birinci, nə də axırıncıdır. Bu təşkilatın UEFA Avropa Liqasının final “derbi”sinin Bakıda keçirilməsi ilə bağlı səsləndirdiyi səfsətələr isə həqiqətən gülünc, absurd və zarıyan xəstə təxəyyülün məhsulundan başqa bir şey deyildir.

Heç şübhəsiz, tənqid, kənardan baxış, ictimai nəzarət olmalıdır. Amma qərəzə heç bir halda yol verilməməlidir. İrad, məzəmmət, tövsiyə, lap elə nəsihətin özü münsiflik edən şəxsin dar, merkantil, tərəfkeş, fürsətcil niyyətlərindən deyil, xoş məramından çıxış etdikdə nəticəsi də faydalı, müsbət olur. Amma təəssüflər olsun ki, özlərinə təcrübə-sınaq poliqonu axtaran “Amnesty International” və onun “doğrularını” bölüşən bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının, fondların, sorğu missiyalarının Azərbaycana yönəlik fəaliyyətləri onların hansı geosiyasi güclərinsə korporativ maraqlarının yedəyində getdiklərini, kimlərinsə “üzəngisini basdıqlarını” və nəticə etibarilə heç də həmişə ədalətlə uzlaşan qərarlar qəbul etmədiklərini ortaya qoyur.

İdmanı siyasi məzhəkəyə çevirmək həqiqətən də ali humanist ideyalar, bəşəri dəyərlər naminə mübarizə aparmalı olan bir qeyri-hökumət təşkilatının deyil də, siyasi cəhətdən kriminallaşmış, gözlərini qalın və qara xəbislik pərdəsi örtmüş qurumun qarşısına qoyduğu çirkin məqsəddir. Ancaq bu, həmişəki kimi illüziyadan o yana atlaya bilməyəcək bir istəkdir. Çünki idman sağlamlıqdır, birlikdir, həmrəylikdir, mənəvi səfərbərlikdir, əzm və qətiyyətdir!.. Bu cür dəyərlərin mübarizə apardığı məkanda “Open Society Institute”, “Human Rights Watch”, “Freedom House”, “Transparency International”, onların səngər qardaşı “Amnesty International” və bu kimi bizə necə yaşamağı öyrətmək istəyənlər digər “çete”lərin “vaiz”liyinə yer və ehtiyac yoxdur.

On beş ildən artıqdır ki, xarici siyasət kursunu yeridərkən hansısa güc mərkəzinin mənafeyini önə çəkməyən Prezident İlham Əliyev Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməyəcəyini həmişə vurğulayıb, milli maraqlarımızla bağlı məsələlərdə daim əzmkar və qətiyyətli mövqe tutaraq ölkədən güzəşt gözləyən qüvvələri məyus edib. Belə bir əzmkar və qətiyyətli milli iradənin qarşına çıxa bilməyən güc mərkəzləri zaman-zaman yuxarıda adını çəkdiyimiz və öz əməlləri ilə hüquq müdafiə fəaliyyətini siyasiləşdirən, bəzi ölkələrə münasibətdə klassik ikili standartlar praktikasını dövriyyəyə buraxan QHT-ləri ön mövqeyə itələməyə cəhd göstərirlər.

İnsan hüquqları kimi fundamental dəyərlərə manipulyasiya və möhtəkirlik edən “Amnesty İnternational” və “K”-sı nədən 30 ildir ki, Dağlıq Qarabağda erməni separatçılarının qanlı əməllərinə biganə qalıb, Xocalı soyqırımına, Ermənistan-Azərbaycan münaqişəsi zamanı minlərlə günahsız insanın qətlə yetirilməsinə, dədə-baba yurdundan qovulmuş bir milyona yaxın insanın hüquqlarına kar və kor qalıb?!

Vətəndaş və siyasi hüquqlar xarakter və mahiyyətinə görə universal və fundamental bəşəri dəyərlər sayıldıqlarına görə onların müdafiəsi təkcə üç-beş ölkənin, beş-on təşkilatın deyil, bütün tərəqqipərvər bəşəriyyətin vəzifəsidir. Adları müxtəlif olsa da təyinatları eyni olan hüquq müdafiə təşkilatlarına “lövbərlərini” istədikləri “limana” atmağa imkan verən də məhz bu məqamdır - insan hüquqları konsepsiyasının universallığı və qloballığı. Azərbaycan bu məsələdə kifayət qədər aydın və qətiyyətli mövqe ortaya qoyub. Konstitusiyanın üçdə iki hissəsi insan hüquq və azadlıqlarını ehtiva edir. Bütün qanunverici aktlar, normativ hüquqi sənədlər ruhu və mahiyyəti etibarilə vətəndaşların qazanılmış hüquqlarına yaxınlaşdırılıb. İmplementasiya qaydasında “idxal” edilən, eləcə də beynəlxalq müqavilə və öhdəliklərdən irəli gələn normalar vətəndaşların fundamental hüquqlarının dominantlığını qəbul edir. Bəs, elə isə istədikləri ölkədə “qaşınmayan yerdən qan çıxarmağa” öyrəşmiş bu “cəlayi vətən” təşkilatlar Azərbaycandan nə istəyirlər? Bəli, insan hüquq və azadlıqlarının müdafiəsi çox vacib məsələdir. Lakin o, artıq Qərbdən uzaqlaşaraq Azərbaycan kimi dövlətlərin milli fəlsəfəsinə çevrilib.

Bu gün informasiya əsridir. İnternet dövründə dünyanın ən ucqar nöqtəsində belə kimlərisə ucuz “hüquqşüvənlik”, “insansevərlik” elementləri ilə mütəəssir etmək, hətta inandırmaq mümkün deyil. Hamı hər şeyi görür və bilir. İngilis azarkeşi də, Avropa futbol camiası də, dünyanın idman ictimaiyyəti də möhtəşəm birinci Avropa Oyunlarına, dördüncü İslam Həmrəyliyi Oyunlarına, Formula 1 yarışlarına ev sahibliyi etmiş, ən mötəbər humanitar, mədəni, elmi tədbirlərin paytaxtına çevrilmiş Azərbaycandan xoş təəssüratlarla yanaşı, bütöv bir xalqın məhəbbətini də aparacağına əmindir.

İllər əvvəl “Amnesty International” Azərbaycanda əsas azadlıqlarının vəziyyətindən bəhs edən xüsusi hesabat yaymışdı. Hesabata çox romantik bir ad da seçilmişdi: “Çiçəklər açmayan bahar: Azərbaycanda cilovlanmış azadlıqlar”. Amma həqiqət budur ki, Azərbaycana hər il bahar gəlir, ağacların çiçək fəvvarəsi min bir rənglə bərq vurur. Biz bu gözəllikdən zövq alırıq. Zövq isə yalnız ruhən və cismən azad insanların yaşaya biləcəyi bir duyğudur. İçində Azərbaycan qərəzi gəzdirənlər bunu başa düşməzlər.






Son Xəbər