XƏBƏR, İDMAN
4-05-2019, 14:55

DİN İdman Cəmiyyətində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo yarışı keçirilib

DİN İdman Cəmiyyətində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo yarışı keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində cüdo üzrə yeniyetmələr və gənclər arasında yarış keçirilib.

Nazirliyin mətbuat xidmətindən Qərbinfo.az-a bildiriblər ki, tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxətdinova yarışın açılışında çıxış edərək ulu öndər Heydər Əliyevin idmana və idmançılara ali diqqət və qayğısından danışıb. Bildirib ki, xalqımızın Ümummilli Lideri ölkəmizdə idmanın yüksək səviyyədə inkişafını daim diqqət mərkəzində saxlayıb. Bunun nəticəsidir ki, idmançılarımız yarışlarda yüksək nailiyyətlər qazanıb, bayrağımızı zirvələrdə dalğalandırıblar. Gənclərə dövlət qayğısı bu gün də davam və inkişaf etməkdədir. Ölkəmiz möhtəşəm idman tədbirlərinə ev sahibliyi edir, dünyada idman ölkəsi kimi tanınır. Təbii ki, bu uğurların qazanılmasında daxili işlər orqanlarında xidmət edən idmançı əməkdaşların da payı var.

Daha sonra yarışlara start verilib.

İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov qaydalar barədə məlumat verib.

Birincilikdə 4 yaş qrupunda müxtəlif çəki dərəcələri üzrə 100-ə yaxın idmançı gücünü sınayıb.

DİN İdman Cəmiyyətinin cüdo bölməsinin baş məşqçisi Zakir Kərimovun yetirmələri yüksək fiziki və texniki bacarıq göstəriblər.

Yarışların idarə olunmasında Z.Kərimov, E.Bağırov və E.Məmmədov iştirak ediblər.
DİN İdman Cəmiyyətində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo yarışı keçirilib






Son Xəbər