XƏBƏR, MƏDƏNİYYƏT
2-05-2019, 17:49

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dördüncü nazirlər görüşü

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dördüncü nazirlər görüşü
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də dördüncü nazirlər görüşü keçirilib.

Qərbinfo.az xəbər verir ki, dəyirmi masa formatında təşkil olunan tədbir “Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusuna həsr edilib. Görüşdə dünyada baş verən qarşıdurmalar, zorakılığın aradan qaldırılması, əməkdaşlığın qurulması, turizmin inkişafı və digər mühüm mövzularda çıxışlar dinlənilib.

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən tədbirdə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tarixi əhəmiyyətindən söz açılıb.

Forumda 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirak etdiklərini bildirən Ə.Qarayev vurğulayıb ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır.

Nazir deyib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin illik hesabatında əsas platforma kimi qeyd olunub. Get-gedə Forumun mövzusu xeyli dəyişib və tədbirin mövzusu mövcud dünyanı narahat edən məsələləri əhatə edir.

Mədəniyyətlərarası dialoqun bir tələb olduğunu vurğulayan nazir Forumun sülhə əsaslanan dünyanın qurulması məqsədini güddüyünü bildirib. Foruma dəstək verən bütün təşkilatlara minnətdarlığını bildirən Ə.Qarayev hamını müzakirələrdə iştiraka dəvət edib.






Son Xəbər