XƏBƏR, İQTİSADİYYAT
1-05-2019, 13:58

Səhiyyə işçilərinin gəlirləri əmək bazarının tələblərinə uyğun tənzimlənəcək

Səhiyyə işçilərinin gəlirləri əmək bazarının tələblərinə uyğun tənzimlənəcək
Əhalinin icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunu ehtiva edən xidmətlər zərfinin hazırlanması, habelə tibbi xidmətlərin tariflərinin müəyyənləşdirilməsi üzərində işlər aparılır. Həmçinin qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir. Hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir və layihələr ən qısa zamanda aidiyyəti üzrə təqdim olunacaq.

Qərbinfo.az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Z.Əliyev qeyd edib ki, genişmiqyaslı sosial layihə olan icbari tibbi sığortanın başlıca məqsədləri səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin əlçatanlığını təmin etməklə əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaqdır. Ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərinin daha da səmərəli istifadə edilməsinə və əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına zəmin yaradacaq.






Son Xəbər