XƏBƏR, DÜNYA
29-04-2019, 12:58

Şri-Lankada yeni terror təhlükəsi barədə xəbərdarlıq edilib

Şri-Lankada yeni terror təhlükəsi barədə xəbərdarlıq edilib
Şri-Lankanın dövlət kəşfiyyat xidməti yerli “Camaat ət-Tövhid əl-Vətəniyyə” qruplaşması üzvlərinin yeni hücumlara hazırlaşdığı barədə informasiya alıb.

Qərbinfo.az “Daily Mirror” qəzetinə istinadla xəbər verir ki, yeni hücumların hədəfi adada yerləşən buddist məbədləri ola bilər.

Pasxa bayramı zamanı baş verən partlayışlar seriyasından sonra polis terror əleyhinə bir sıra reydlər keçirib. Reydlər zamanı evlərdən birində çox sayda qadın geyimi aşkarlanıb. Buna görə də, ekstremistlərin növbəti hücumlar zamanı qadın kamikadzelərdən istifadə edəcəyi gözlənilir. Bu gündən etibarən, həmçinin sakinlərin sifəti örtən paltar geyinməsinə qadağa tətbiq olunub.

Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində təxminən 250-260 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. İlk 6 partlayış Kolombo, Neqombo və Battikaloa şəhərlərindəki 3 kilsə və 3 oteldə qeydə alınıb, 7-ci partlayış adanın qərbində, 8-ci partlayış isə Kolombo şəhəri yaxınlığında yerləşən yaşayış kompleksində baş verib. Sonrakı günlərdə Kolombo şəhərində minalanmış yük maşını, Katana şəhərində isə restoranlardan birində çantaya yerləşdirilmiş partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib.

Hakimiyyət orqanları terror aktlarının məsuliyyətini “Tövhid camaatı” qruplaşmasının üzərinə qoyub. Hücumların məsuliyyətini öz üzərinə götürən İŞİD qruplaşması isə bununla bağlı hələlik heç bir sübut təqdim etməyib.

Şri-Lanka polisi partlayışlarla əlaqədə şübhəli bilinən onlarla insanı saxlayıb. Təhqiqatın versiyasına görə, hücumda 9 kamikadze iştirak edib, onlardan 8-nin şəxsiyyəti müəyyən olunub.

İnsidentdən sonra Şri-Lanka Müdafiə Nazirliyinin katibi Hemasiri Fernando və polis rəisi Pucitha Cayasundaru istefa verib.






Son Xəbər