XƏBƏR, SİYASƏT
23-04-2019, 20:55

Oş şəhərində TÜRKSOY-a üzv ölkələrin görüşü keçirilib

Oş şəhərində TÜRKSOY-a üzv ölkələrin görüşü keçirilib
Qırğız Respublikasının Oş şəhərində TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin 7-ci görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, görüşdə nazirliyin xüsusi tapşırıqlar üzrə səfiri-YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov çıxış edib.

Bu görüşün türk dünyası ölkələri arasında mövcud olan həmrəylik və əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdıran E.Sultanov, ortaq türk mirasının YUNESKO-da təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra E.Sultanov, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müvafiq sərəncamı ilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” və bu proses çərçivəsində bu ilin 2-3 may tarixlərində keçiriləcək V Mədəniyyətlərarası Dialoq Forumu haqda danışdı. O, Azərbaycan Respublikası və YUNESKO arasında əlaqələrin inkişafında, mədəni irs nümunələrimizin dünyada təbliği, onların qorunması və gələcək nəsillərə ötürülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğuladı.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında ölkəmizə qarşı mədəni təmizləmə siyasətinin həyata keçirildiyini bildirən E.Sultanov, Ermənistan tərəfindən məhv edilmiş mədəni irsimizin eyni zamanda Türk dünyasının ortaq mirası olduğunu diqqətə çatdırdı və bu məsələnin YUNESKO-da gündəmə gətirilməsində TÜRKSOY-a üzv dövlətlərin dəstəyinin vacib olduğunu vurğuladı.

Qeyd olunmalıdır ki, Oş şəhərinin 2019-cu il Türk dünyasının mədəni paytaxtı elan edilməsi münasibətilə keçirilən təntənəli tədbirlərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndə heyəti iştirak edib.






Son Xəbər