XƏBƏR, MƏDƏNİYYƏT
17-04-2019, 10:57

“Azərbaycanım” rəsm müsabiqəsi davam edir

“Azərbaycanım” rəsm müsabiqəsi davam edir

Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi “Azərbaycanım” adlı ikinci respublika uşaq rəsm müsabiqəsi davam edir. Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi Respublika 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Bu barədə Qərbinfo.az-a mərkəzin direktoru Zahid Əvəzov məlumat verib.

Onun sözlərinə görə, “Nəsimi ili” çərçivəsində gerçəkləşən müsabiqə uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsası da doğma elə, Vətənə məhəbbəti aşılamaq məqsədilə təşkil olunur. Müsabiqədə iştirak etmək istəyən 5 yaşdan 17 yaşa qədər uşaqlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə ən çoxu 3 işinin fotosunu aprelin 30-dək Xətai Sənət Mərkəzinin “Whatsapp” 051 310 74 01 nömrəsinə göndərməlidir. Seçim iki yaş kateqoriyası üzrə aparılacaq - 12 yaşa qədər və 12-17 yaşarası.

Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlədiyi əsərlər seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Sonda seçilmiş əsərlərdən ibarət Xətai Sənət Mərəzində rəsm sərgisinin açılacağı da nəzərdə tutulur. Qaliblər diplomlarla təltif olunacaq.

Qeyd edək ki, "AZƏRTAC" müsabiqənin informasiya dəstəkçiləri sırasındadır.






Son Xəbər