XƏBƏR, SOSİAL
15-04-2019, 20:55

İtaliya portalı Azərbaycan əhalisinin sayının 10 milyona çatmasından yazır

İtaliya portalı Azərbaycan əhalisinin sayının 10 milyona çatmasından yazır
İtaliyanın “Notizie Geopolitiche” gündəlik xəbər portalında Roma Sapienza Universitetinin dosenti Daniel Pommierin “Azərbaycan. 10 milyonuncu vətəndaş dünyaya gəlib. Cənubi Qafqazda əhalinin artımı və siyasət” adlı məqaləsi yayılıb.

Qərbinfo.az xəbər verir ki, məqalədə aprelin 6-da Azərbaycanda körpə qızın dünyaya gəlməsi ilə ölkə əhalisinin sayının 10 milyona çatdığı, sözügedən xəbərin medianın geniş diqqət mərkəzində olduğu, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yeni doğulmuş körpənin ailəsi ilə görüşdüyü bildirilir. Dünyaya gələn körpənin valideynlərinin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdən məcburi köçkün olduqları diqqətə çatdırılır.

Müəllif hər bir ölkədə əhalinin artımı məsələsinin xalqın mövcudluq hüququ və müstəqillik yolunu təsdiq etməsi ilə paralellik təşkil etdiyini vurğulayır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən vaxt Azərbaycanın 7 milyon əhalisi olduğu halda, bu sayın 2010-cu ildə 9, cari ilin 6 aprelində 10 milyona çatdığını bildirilir və demoqrafik artımın ölkənin ümumi inkişafının tərkib hissəsi olduğu qeyd edilir.

Yazıda Prezident İlham Əliyevin sözlərinə istinad edilərək Azərbaycanda son 15 il ərzində əhalinin 1,7 milyon nəfər artdığı, bunun ölkənin gücünü, qüdrətini artırdığı, eyni zamanda, ölkədə sosial-iqtisadi inkişafın getdiyini göstərdiyi və əhalinin artımının birbaşa sosial vəziyyətlə bağlı olduğu vurğulanır.

Müəllif, həmçinin qeyd edir ki, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinə səbəb olan Ermənistanla 25 ildən artıq münaqişənin mövcudluğuna baxmayaraq, Azərbaycanda sosial-iqtisadi və demoqrafik inkişaf davam edir.

Məqalədə dünya əhalisinin vəziyyətinə dair BMT-nin 2019-cu il hesabatında demoqrafik məsələlərin Minilliyin Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirilməsinin təsadüfi olmadığı, BMT-nin hesabatında Azərbaycana dair bütün müvafiq statistik göstəricilərin müsbət olduğu, hazırda ölkəmizdə əhalinin demoqrafik meyarlarının iqtisadi və sosial inkişafla balans təşkil etdiyi və Azərbaycanda demoqrafik ekspertlərin "demoqrafik bonus" aldandırdığı insan inkişafının xoşbəxt bir dövrünün yaşandığı bildirilir.






Son Xəbər