XƏBƏR, SOSİAL
15-04-2019, 11:54

Gürcüstanda keçirilən imla müsabiqəsinin qaliblərindən biri azərbaycanlıdır

Gürcüstanda keçirilən imla müsabiqəsinin qaliblərindən biri azərbaycanlıdır
Gürcüstanda Ana dili gününə həsr olunmuş “Mən gürcü dilində yazıram” imla müsabiqəsi başa çatıb.

Qərbinfo.az xəbər verir ki, milli azlıqların təhsil aldıqları məktəblərin IX sinif şagirdləri arasında keçirilmiş müsabiqədə üç nəfər qalib gəlib. Onlardan iri də azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun Vaxtanqisi kənd 1 nömrəli ictimai məktəbinin şagirdi Aytən Mehdiyevadır.

Aprelin 14-də qaliblərə mükafatlar təqdim olunub.

Müsabiqənin qaliblərini təbrik edən Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili milli azlıqlardan olan məktəblilərin gürcü dilinə marağının artmasını yüksək qiymətləndirib.

Bildirib ki, gürcü dilini bilmək hər bir Gürcüstan vətəndaşı üçün vacibdir. Bu onların uğur əldə etməsi üçün əsas şərtdir.

“Dövlət dilini bilən vətəndaşlar ölkənin bütün sahələrində fəal iştirak edə bilirlər. Şadam ki, milli azlıqları təmsil edən çox sayda gənc öz ana dilləri ilə yanaşı, dövlət dilində də danışa bilirlər” – deyə, nazir vurğulayıb.

Sonra qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.

Məlumat üçün qeyd edək ki, imla müsabiqəsi Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin təşəbbüsü və Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.

Müsabiqənin əsas məqsədi dövlət dilinin təbliği, milli azlıqlardan olan şagirdlərin gürcü dilində yazı imkanlarının inkişaf etdirməkdir.
Gürcüstanda keçirilən imla müsabiqəsinin qaliblərindən biri azərbaycanlıdır






Son Xəbər