XƏBƏR, SOSİAL
13-04-2019, 16:26

“Facebook” ötən il Sukerberqin təhlükəsizliyinə 20 milyon dollar vəsait xərcləyib

“Facebook” ötən il Sukerberqin təhlükəsizliyinə 20 milyon dollar vəsait xərcləyib
“Facebook” sosial şəbəkəsinə malik eyni adlı kompaniya 2018-ci ildə rəhbəri Mark Sukerberqin və onun yaxınlarının təhlükəsizliyinin təmin olunmasına təxminən 20 milyon dollar vəsait xərcləyib.

Qərbinfo.az CNBC telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat “Facebook” kompaniyasının ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyasına təqdim etdiyi sənədlərdə yer alıb.

Həmin sənədlərə əsasən, Sukerberq kompaniyadakı fəaliyyətinə görə ildə 1 dollar simvolik əməkhaqqı alır. Lakin “Facebook” onun vəzifələrinin icrası zamanı yaranan xərcləri kompensasiya edir. Kompensasiyanın həcmi 2018-ci ildə 22,6 milyon dollar olub. Kompaniyanın məlumatına əsasən, bu məbləğin 20 milyon dolları “Sukerberqin şəxsi təhlükəsizliyinə” xərclənib. Həmçinin onun şəxsi avianəqliyyat vasitəsinin istifadəsi ilə bağlı xərclərə 2,6 milyon dollar sərf edilib.

Materialda “Facebook” kompaniyası rəhbərinin təhlükəsizliyinə sərf olunan vəsaitin son illər artdığı da qeyd olunur: 2016-cı ildə bu məqsədlə 5,1 milyon dollar, 2017-ci ildə 7,6 milyon dollar xərclənib. Kompaniya Sukerberqin uçuşlarına 2016-cı ildə 871 min dollar, 2017-ci ildə isə 1,5 milyon dollar ayırıb.

Ekspertlərin fikrincə, Sukerberq və yaxınlarının təhlükəsizlik xərclərinin artmasına son illər kompaniya ətrafında yaranan bir sıra qalmaqallar səbəb ola bilər. Onlardan biri 2018-ci ilin martında qeydə alınıb. Həmin vaxt “The New York Times” qəzeti Böyük Britaniyanın “Cambridge Analytica” kompaniyasının “Facebook” sosial şəbəkəsinin 10 milyonlarla istifadəçisinin şəxsi məlumatlarını əldə etdiyini yazmışdı.






Son Xəbər