XƏBƏR, SİYASƏT
13-04-2019, 14:29

“The Jakarta Post” qəzetində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi barədə xüsusi məqalə dərc olunub

“The Jakarta Post” qəzetində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi barədə xüsusi məqalə dərc olunub
İndoneziyanın ingilis dilində nəşr edilən nüfuzlu “The Jakarta Post” qəzeti Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi barədə xüsusi məqalə dərc edib.

Qərbinfo.az xəbər verir ki, aprelin 12-də qəzetin internet versiyasında yerləşdirilən məqalə “Həftənin söhbəti: Azərbaycan 10 milyon klubuna daxil oldu” adlanır. Bildirilir ki, aprelin 6-da Bakıdakı xəstəxanada dünyaya gələn Mehriban Həsənova Azərbaycanın 10 milyonuncu vətəndaşı olub.

Məqalədə bu xəbərin ölkə əhalisi tərəfindən böyük sevinclə qarşılandığı və Azərbaycanın 10 milyon əhalisi olan ölkələr klubuna daxil olması ilə əlaqədar hər yerdə bayram tədbirlərinin keçirildiyi vurğulanır. Bu barədə xəbərin isə qəzetə Azərbaycanın Cakartadakı səfirliyi tərəfindən verildiyi qeyd edilir.

Ölkəmizin İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibovun sözlərini sitat gətirən qəzet yazır: “Aprelin 6-da Bakıda Mehriban Həsənovanın dünyaya gəlməsi ilə biz 10 milyon əhalisi olan ölkəyə çevrildik. Bununla biz əhalisinin sayına görə dünyanın 90-cı ölkəsi olduq”.

Vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və yeni doğulan Mehribanın valideynlərini təbrik ediblər. Prezident İlham Əliyev şəxsən körpənin valideynləri ilə görüşüb.

Məqalədə ölkəmiz haqqında verilən əlavə məlumatda Azərbaycanın Cənubi Qafqaz regionunun ən böyük dövləti olduğu, İndoneziya ilə sıx dostluq münasibətləri saxladığı və burada əsasən müsəlmanların yaşadığı qeyd edilib. Bildirilib ki, həm Azərbaycan, həm də İndoneziya Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzvləridir, həmçinin müxtəlif beynəlxalq forumlarda sıx əməkdaşlıq edirlər.






Son Xəbər