XƏBƏR, MƏDƏNİYYƏT
11-04-2019, 22:25

Kitabxanada “Ədəbiyyatımızın canlı ədibi” adlı sərgi açılıb

Kitabxanada “Ədəbiyyatımızın canlı ədibi” adlı sərgi açılıb
Aprelin 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzi Kitabxana Sisteminin 2 nömrəli filialı 10 nömrəli peşə məktəbinin şagirdləri ilə dramaturq Nəcəf bəy Vəzirovun 165 illiyi ilə əlaqədar “Ədəbiyyatımızın canlı ədibi” adlı sərgi və söhbət keçirib.

Baş İdarədən Qərbinfo.az-a bildirilib ki, tədbirdə Azərbaycanın görkəmli maarifpərvər yazıçılarından biri də Nəcəf bəy Vəzirovun həyat və yaradıcılığı barədə məlumat verilib.

Qeyd edilib ki, Nəcəf bəy Vəzirov milli peşəkar teatrımızın yaradıcılarından və ilk teatr tamaşasını hazırlayanlardan, həm də onun iştirakçılarından olub. O, ədəbiyyatımızda faciə janrının əsasını qoyub. Nəcəf bəy Vəzirovun dramaturgiyasında tənqidi realizmin estetik prinsiplərinin özünəməxsus səciyyəsi var. Nəcəf bəy dram əsərlərində maarifçilik hərəkatının ictimai-sosial məzmununu, həmin dövrün insanlarının mürəkkəb, psixoloji həyat tərzlərini təsvir etməyin bariz nümunələrini yaradıb.

Vurğulanıb ki, Nəcəf bəy Vəzirovun yaradıcılığı realist Azərbaycan dramaturgiyasının inkişafında əhəmiyyətli rol oynayıb. Onun şəxsiyyətini gələcək nəsillərə tanıtmaq, insanların qəlbindəki dramaturgiyamıza olan həvəsi, teatrımıza olan sevgini daha da artırmaq hər birimizin borcudur






Son Xəbər