XƏBƏR, SİYASƏT
11-04-2019, 12:53

Prezidentin son bir illik fəaliyyəti: islahatların miqyası və xalqın reaksiyası

Prezidentin son bir illik fəaliyyəti: islahatların miqyası və xalqın reaksiyası

Bu, bir həqiqətdir ki, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı Prezident İlham Əliyevdir. Digər həqiqət isə ondan ibarətdir ki, Prezident İlham Əliyevin qazandığı bütün uğurların kökündə Heydər Əliyev siyasətinə sadiqlik və onun dünyanın yeni geosiyasi reallıqları kontekstində kreativ və innovativ yanaşmalarla davam etdirilməsi kursu dayanır. Azərbaycan son 16 il ərzində məhz Prezident Ilham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüş və müdrik siyasəti sayəsində sabitlik və təhlükəsizlik adasına çevrilib. Xalq öz Prezidentinə inanır və onu dəstəkləyir. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlxalq kampaniya və macəralara cəlb etmək mümkün deyil.

Qərbinfo.az xəbər verir ki, bu fikirləri "AZƏRTAC"-a Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Milli Məclisin deputatı deyib ki, Azərbaycanın möhtəşəm uğurlarını şərtləndirən bu siyasi kurs 2018-ci il 11 aprel seçkilərində növbəti dəfə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilmiş İlham Əliyev tərəfindən son 1 il ərzində yeni məzmunla zənginləşdirilib. Başqa sözlə, dövlətimizin başçısının təşəbbüsü ilə prezident seçkilərindən sonra ölkəmizdə islahatların yeni mərhələsinə keçidin anonsu verilib və 2019-cu ilin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada köklü və sistemli dəyişikliklərə başlanılıb. Bu islahatlar küll halında xalqımızın sosial rifahının yüksəlməsi mənafeyinə xidmət göstərir. Başqa cür ola da bilməz. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Sözü ilə əməli hər zaman üst-üstə düşən Prezident İlham Əliyev sosial paketdən olan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, o, hər bir Azərbaycan vətəndaşının Prezidentidir.

Eyni zamanda, xüsusi həssas kateqoriyadan olan insanlar - şəhid ailələri, müharibə veteranları və müharibə əlilləri, məcburi köçkünlər və qaçqınlar dövlət başçısının böyük qayğısı ilə əhatə olunublar. Bu baxımdan cari il yanvarın 28-də Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüş həmin qayğının bariz nümunəsidir. Bu görüşdə “Xalqa xidmət mənim ən böyük vəzifədir. Mənim üçün bu, böyük şərəfdir”, - deyən dövlətimizin rəhbəri elə həmin gün imzaladığı Fərmanla şəhid ailələri üçün birdəfəlik ödəmənin (11 min manat) verilməsi prosesinin əhatə dairəsini genişləndirdi. 1997-ci il 2 avqustadək şəhid olmuş əlavə 2725 şəhid ailəsinə də həmin vəsaitin verilməsi nəzərdə tutuldu. Bunlardan 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsəsi də 11 min manatdan az sığorta ödənişi aldığı üçün həmin siyahıya əlavə olundu. Bununla da birdəfəlik ödənişin verilməsi prosesi artıq 12 min 268 şəhid vərəsəsini əhatə edir. Bu məqsədlə dövlət büdcəsindən 135 milyon manat vəsait ayrılıb.

Prezident İlham Əliyevin cari il yanvarın 30-da imzaladığı və şəhid ailələrinə dövlət qayğısının artırılmasını ehtiva edən Fərmanı 12 mindən çox şəhid ailəsini əhatə edib. Fərmana əsasən, 2019-cu ilin 1 fevral tarixindən etibarən şəhid ailələrinə verilən aylıq təqaüdün məbləğı 58 manat artırılaraq 300 manata çatdırılıb. Ümumən, 2007-ci ildən şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği 3 dəfə artırılıb.

Prezident İlham Əliyevin bu il yanvarın 28-də imzaladığı digər Fərmanla isə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat vəsait ayrılıb. Yeri gəlmişkən, onu da xüsusi olaraq qeyd edək ki, ötən dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə şəhid ailələrinə və müharibə əlillərinə 6654 mənzil, o cümlədən 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. Cari ildə isə bu kateqoriyadan olan insanlara azı 800 mənzilin verilməsi nəzərdə tutulur.

Dövlətimizin başçısı İlham Əliyevin dərin sosialyönümlü islahatları öz əhatə dairəsini genişləndirməkdədir. Cari ilin martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, minimum əməkhaqqının və minimum pensiyanın təxminən 40 faiz artması, nəticə etibarilə, 830 minə yaxın insanı əhatə edib. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təqribən 600 min insana şamil edilib. Çoxmənzilli binaların sənədləşdirilməsi isə təxminən 350-400 min nəfər insanın bu sahədə mövcud problemlərinin birdəfəlik həllinə gətirib çıxaracaq. Bundan savayı, tələbələrin təqaüdlərinin artırılması ilə təxminən 100 mindən çox tələbənin maliyyə vəziyyətinin yaxşılaşdırılması təmin edilib.

Prezident İlham Əliyevin 2019-cu il fevralın 25-də imzaladığı “Əhalinin sosial müdafiəsinin güclədirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən hər üç qrupdan olan əlillərə (I qrup əlillər - 150 manat, II qrup əlillər - 130 manat, III qrup əlillər -110 manat) və müharibə əlillərinə (I qrup müharibə əlilləri - 250 manat, II qrup müharibə əlilləri - 230 manat, III qrup müharibə əlilləri - 210 manat), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (100 manat), 5-dən yuxarı uşağı olan qadınların hər uşağı üçün (55 manat), uşağın anadan olmasına görə (200 manat), dəfn üçün (300 manat), I qrup əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərə qulluq edənlərə (50 manat) müvafiq olaraq verilən müavinət və Azərbaycan Respublikasının təqaüdü 2019-cu ilin 1 aprel tarixindən artırılıb.

Dövlət başçısının cari il fevralın 28-də imzaladığı və problemli kreditlər məsələsinin həllini özündə ehtiva edən Fərmanı çox ciddi sosial təşəbbüs olmaqla cəmiyyət daxilində böyük müsbət rezonans doğurub. Fərman təxminən 800 min insanı əhatə edir. Dövlətimizin rəhbəri insanları ciddi narahat edən bu problemin həlli məsələsinin əhəmiyyəti haqqında bəhs edərkən haqlı olaraq vurğulayıb ki, “Bu Fərmanın dünyada analoqu yoxdur. Dövlət bir daha göstərdi ki, vətəndaşının yanındadır. Ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü və vətəndaşın marağını güdən addım olmamışdır. Yəni bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir”.

Beləliklə, Prezident İlham Əliyevin 15 il ərzində davamlı olaraq həyata keçirdiyi islahatlar kursu son bir il ərzində yeni mərhələyə daxil olmaqla ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirib, səfərbər olunmuş cəmiyyət formalaşdırıb, vətəndaş həmrəyliyini şərtləndirib, ən əsası isə xalq-hakimiyyət birliyini monolit qüvvəyə çevirib. Bu reallıqları dünyanın ən nüfuzlu reytinq agentlikləri də təsdiqləməkdədirlər. Bu baxımdan Fransanın tanınmış “Opinion Way” sosial tədqiqatlar şirkətinin cari ilin mart ayında Azərbaycan ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) keçirdiyi sorğuda ölkədə ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunmasında Prezident İlham Əliyevin rolu, həyata keçirdiyi sosial-iqtisadi islahatlar kursu, kadr islahatları, regionların inkişafı istiqamətində atdığı addımlar, xarici siyasət kursu ilə bağlı respondentlərə suallar ünvanlanıb. Bu sorğunun nəticələri ilə bağlı “Opinion Way” şirkətinin rəhbəri aprelin 9-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Həmin nəticələrə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunması və möhkəmləndirilməsini Prezident İlham Əliyevin fəaliyyətinin ən böyük uğuru kimi dəyərləndirib. “Prezident İlham Əliyevin son 1 illik fəaliyyətini necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 85,1 faizi müsbət cavab verib. Yalnız 6,8 faizi “mənfi”, 8,1 faizi isə “bilmirəm” kimi cavablandırıb. “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına respondentlərin 90,5 faizi ümumən müsbət cavab verib. Prezident İlham Əliyevin seçkiqabağı verdiyi vədləri yerinə yetirməsi vəziyyəti ilə bağlı suala sorğu iştirakçılarının 75,6 faizi müsbət cavab verib. Əks mövqedə dayananların faizi cəmi 5,8 faiz təşkil edib, 4,2 faiz isə cavab verməkdə çətinlik çəkdiyini söyləyib.

Respondentlərin 90,4 faizi Prezident İlham Əliyevin regionların inkişafı ilə bağlı siyasətini bəyəndiyini bildirib.

Sorğu iştirakçılarının 89,9 faizi dövlətimizin başçısının xarici siyasət kursunu müsbət qiymətləndirib.

Beləliklə, Fransanın nüfuzlu “Opinion Way” sorğu kompaniyasının və öz fəaliyyətində şəffaflığı, dürüstlüyü, peşəkarlığı və obyektivliyi əsas götürən digər beynəlxalq reytinq qurumlarının ümumi rəyi bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi sabitliyin, vətəndaş həmrəyliyinin, səfərbər olunmuş cəmiyyətin, sosial-iqtisadi, siyasi və məhkəmə-hüquq sistemində köklü islahatların təşəbbüskarı və qarantı Prezident İlham Əliyevdir. Məhz Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil və milli maraqlara söykənən həm daxili, həm də xarici siyasət kursu Azərbaycanın bütün uğurlarını şərtləndirir və onun davamlılığını təmin edir. Eyni məntiqlə yanaşdıqda növbəti qənaətimiz hasil olur. Həmin qənaətə görə, əgər bu gün ölkəmizdə prezident seçkiləri keçirilsəydi, cənab İlham Əliyev xalq sevgisi və etimadının nəticəsi olaraq 1 il öncə qazandığı 86,03 faizlik nəticəni üstələyə bilərdi. Prezidentin atdığı addımların miqyası və xalqın reaksiyası bu qənaətə gəlməyə əsas verir.






Son Xəbər