XƏBƏR, MƏDƏNİYYƏT
11-04-2019, 11:54

Aşıqlarımız beynəlxalq festivalda ikinci yeri tutub

Aşıqlarımız beynəlxalq festivalda ikinci yeri tutub
Xəbər verdiyimiz kimi Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü, UNESCO-nun himayəsi ilə Qaşqadərya vilayətinin mərkəzi Termez şəhərində Beynəlxalq Baxşi (aşıq) sənəti festivalı keçirilib.

Qərbinfo.az məlumatına görə, festivala dünyanın 74 ölkəsindən gələn 160-dan çox baxşi, aşıq, akın, ozan, həmçinin folklorçu alimlər, müxtəlif xalqların folklor ansamblları qatılıb.

Özbəkistanda ilk dəfə keçirilən festivalda ölkəmizi şair, publisist Əkbər Qoşalı, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı Əli Şamilov və “Aşiqlər” qrupunun üzvləri Aşıq Samirə Əliyeva və Aşıq Əli Quliyev təmsil ediblər.

Festival çərçivəsində aşıqlarımızın çıxışları alqışlarla qarşılanıb.

Festivalda birinci yeri Özbəkistanın baxşi ustaları tutub. “Aşiqlər” qrupunun üzvləri Aşıq Samirə Əliyeva və Aşıq Əli Quliyevin “Koroğlu” dastanı əsasında hazırladıqları duet ikinci mükafata layiq görülüb. Onlara diplomlar və pul mükafatı təqdim olunub. Üçüncü yeri isə Koreya sənətçiləri tutublar.

Festival çərçivəsində “Dünya sivilizasiyasında baxşi sənətinin rolu” adlı Beynəlxalq elmi-praktik konfrans da keçirilib.






Son Xəbər