XƏBƏR, DÜNYA
6-04-2019, 11:30

BMT TŞ Liviyada münaqişə tərəflərini hərbi aktivliyi dayandırmağa çağırıb

BMT TŞ Liviyada münaqişə tərəflərini hərbi aktivliyi dayandırmağa çağırıb
BMT Təhlükəsizlik Şurası aprelin 6-na keçən gecə qapalı iclasın nəticələrinə əsasən, Liviyadakı gücləri hərbi əməliyyatlardan imtina etməyə çağırıb.

Qərbinfo.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, BMT-nin Almaniyadan olan daimi nümayəndəsi Kristof Hoysgen Təhlükəsizlik Şurası üzvlərinin Liviyada sabitliyə və böhranın siyasi həllinə təhlükə yaradan Tripolidəki aktivlikdən narahat olduğunu bildirib.

Təhlükəsizlik Şurası, həmçinin Liviyadakı bütün tərəfləri dialoqun bərpasına çağırıb.

Xatırladaq ki, aprelin 4-də Xəlifə Haftar ölkənin əsas şəhərinin 48 saat ərzində silahlı qruplaşmalardan azad olunması üzrə hərbi əməliyyatın başladığını elan edib. Bəzi məlumatlara görə, Haftarın tərəfdarları paytaxtın cənub-şərq hissəsində bir neçə rayona nəzarəti ələ keçirib. Paytaxta nəzarət edən və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarac özünə tabe olan bütün hərbi birləşmələri tam döyüş hazırlığı səviyyəsinə gətirmək əmri verib.

2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsi və qətlindən sonra Liviya gərgin siyasi böhran dövrünü yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir.

Ölkənin şərq hissəsinin hakimiyyət orqanları Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarla əməkdaşlıq edir.






Son Xəbər