XƏBƏR, MƏDƏNİYYƏT
1-04-2019, 23:27

“Həmid Araslı və “Kitabi-Dədə Qorqud” dastanı” mövzusunda elmi sessiya keçiriləcək

“Həmid Araslı və “Kitabi-Dədə Qorqud” dastanı” mövzusunda elmi sessiya keçiriləcəkAprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr olunmuş “Həmid Araslı və “Kitabi-Dədə Qorqud dastanı” mövzusunda elmi sessiya keçiriləcək.

İnstitutdan Qərbinfo.az-a bildirilib ki, elmi sessiyada “Həmid Araslı və Azərbaycan ədəbi dilinin tarixi”, “Həmid Araslı yazılı abidələrimizin görkəmli tədqiqatçısı kimi” mövzularında məruzələr dinləniləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında 2019-cu il fevralın 11-də Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verib. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir. Həmid Araslı folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlayıb, “Kitabi-Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin gerçəkləşdirilməsinə, dahi Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsinə böyük əmək sərf edib, anadilli ədəbiyyatın tanınmış nümayəndələrinin əsərlərinin şərqşünaslığın nailiyyətləri əsasında əhatəli şərhlərlə mükəmməl elmi-tənqidi mətnini hazırlayıb. Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirak edib.






Son Xəbər