XƏBƏR, DÜNYA
1-04-2019, 15:26

Rubensin əsərinin itirilmiş eskizi 1,3 milyon avroya satılıb

Rubensin əsərinin itirilmiş eskizi 1,3 milyon avroya satılıb
Böyük flamand rəssamı Piter Paul Rubensin (1577-1640) itirilmiş eskizlərindən biri Fransada, "Mercier & CIE" hərrac evində 1,3 milyon avroya satılıb. Rəssam bu eskizlər əsasında şagirdləri ilə birlikdə Antverpendəki iyezuit kilsəsinin günbəzini bəzəyib.

Qərbinfo.az xəbər verir ki, "France 3" telekanalının yaydığı məlumata görə, əsəri belçikalı kolleksiyaçı alıb. Eskinzin ilkin hərrac qiyməti 200 min avro olub.

Hərrac evinin müdiri Patrik Deqine deyib: "Rubens 1620-ci ilin martında hər birinin ölçüsü 3x4 metr olan 39 tablo üçün sifariş alıb. Rəssam və onun 30 köməkçisi bu sifarişi yerinə yetirmək üçün bir çalışıb. Rubens şagirdlərinə kömək etmək üçün eskizlər çəkib. Tabloların sayı 39 olduğu halda, biz 33-nü aşkar etmişik. Bu, itirilmiş eskizlərin altıncısıdır".

P.Deqinenin sözlərinə görə, vaxtilə Rubensin möhtəşəm əsərinin fraqmenti olan bu eskiz XIX əsrin sonundan etibarən bir ailədə qorunub saxlanılırmış. Ailə qırmızı-ağ rəngli paltar geyinmiş xristian şəhid-qadın Antioxiyalı Marqarita ilə əjdahanın təsvir olunduğu bu eskizin həqiqi dəyərindən xəbərsiz olub. Onun çox qiymətli olması mirasın bölünməsi prosesində ekspertizaya təqdim ediləndə üzə çıxıb. Eskizin əvvəlki sahibi barədə məlumat yoxdur. Deyilənə görə, Rubensin özü eskizlərini çox dəyərli hesab etdiyi üçün onları satmaqdan imtina edib.

Qeyd edək ki, 39 tablodan ibarət əsərin özü zəmanəmizə gəlib çıxmayıb, çünki kilsənin günbəzini bəzəyən əsərlər 1718-ci ildə yanğın zamanı yanıb külə dönüb.






Son Xəbər