XƏBƏR, SİYASƏT
28-03-2019, 11:55

“EurActiv” portalı: “Şərq ilə Qərb Azərbaycanda qovuşur”

“EurActiv” portalı: “Şərq ilə Qərb Azərbaycanda qovuşur”
Azərbaycanda mövcud olan təhlükəsizlik və gender bərabərliyi amili ölkənin müasir müsəlman demokratiyasının parlaq nümunəsi kimi beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir.

Qərbinfo.az xəbər verir ki, bu fikir ABŞ-ın Merilend və Boston universitetlərinin məzunu olan Vadim Qusmanisin Avropada geniş oxucu auditoriyasına malik “EurActiv” xəbər portalında yayılmış “Şərqlə Qərb Azərbaycanda qovuşur” adlı məqaləsində yer alıb.

Müəllif qeyd edir ki, bu bahar İsraildən minlərlə yəhudi, o cümlədən Avropadan olan xristianlar Pasxanı qeyd etmək üçün bir həftəlik Azərbaycanın paytaxtı Bakıya üz tutacaqlar. Yəhudilərin və xristianların ən çox səyahət edəcəkləri ölkə kimi Azərbaycanı seçmələri əbəs yerə deyil. Belə ki, əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycanda əsrlərboyu mövcud olan dini tolerantlıq, dünyəvilik, multikulturalizm ənənələri sayəsində yəhudi və xristian icmaları həmişə əmin-amanlıq şəraitində yaşayıblar.

Məqalədə böyük İpək Yolunun kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyinin onu müxtəlif mədəniyyətlərin bir araya gəlməsinə və birlikdə inkişaf etdiyi məkana çevrilməsinə şərait yaratdığı qeyd olunur. Müəllif XIX əsrin sonu, XX əsrin əvvəlində Azərbaycanın neft bumu yaşadığını, neft və qaz sənayesini inkişaf etdirməyə təkan verən bu prosesin dünyanın hər yerindən investorları və işçiləri ölkəyə cəlb etdiyini diqqətə çatdırır.

Yazıda, həmçinin Azərbaycanda qadınların ölkənin ictimai-siyasi həyatında fəal şəkildə rol oynamalarına diqqət yetirilir. Müəllif müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə yarandığını vurğulayaraq, müasir Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunmuş bir çox dəyərlərin, ən başlıcası, vətəndaşın əsas hüquq və azadlıqlarını təşkil edən qanunların məhz Cümhuriyyətin dövlətçilik ənənələrinə söykəndiyini bildirir. O, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qadınlara səsvermə hüququ verən öncül dövlətlərdən biri olmasının, həmçinin müsəlman dünyasında ilk opera teatrının vətəni kimi zəngin mədəni irsə sahib olmasının ölkə vətəndaşlarının qürur mənbəyi olduğunu bildirir.

Müəllif son dövrlərlə Azərbaycanda həyata keçirilən mütərəqqi siyasi və iqtisadi islahatlar nəticəsində baş verən inkişaf proseslərindən bəhs edir, bunun yeni sərmayə və texnologiyaların ölkəyə gəlməsinə təkan verdiyini vurğulayır. O, ölkədə ümumi daxili məhsulun dəfələrlə artdığını diqqətə çatdırır.

Məqalədə, həmçinin “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən söhbət açılır. Bildirilir ki, “ASAN xidmət” vətəndaşlara vaxt itirmədən, heç bir bürokratik əngəllə üzləşmədən müxtəlif xidmətlərdən istifadə etməyə imkan yaradır. Müəllif Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, iş adamları üçün daha yaxşı şəraitin yaradılması, ölkənin iqtisadi və maliyyə sisteminin daha da şəffaflaşdırılması və bürokratik əngəllərin aradan qaldırılması ilə bağlı fikirləri də diqqətə çatdırır.

Sonda qeyd edilir ki, bu gün Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif mədəniyyətlərin, konfessiyaların və ideyaların qovuşduğu bir məkana çevrilib və ölkə vətəndaşları da bundan qürur duyurlar.






Son Xəbər