XƏBƏR, SİYASƏT
7-03-2019, 20:55

Dövlətin vətəndaşlara diqqət və qayğısının Azərbaycan nümunəsi

Dövlətin vətəndaşlara diqqət və qayğısının Azərbaycan nümunəsi
Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında da qarşılıqlı əlaqə mövcuddur. Çünki iqtisadi inkişafın məqsədləri birbaşa və dolayı yolla sosial siyasətdə cəmləşir, sosial siyasət sahəsində bir çox məsələlərin həyata keçirilməsi, dövlətin onların reallaşdırılması üçün yönəldə biləcəyi iqtisadi ehtiyatlardan asılıdır və sosial siyasətə iqtisadi artımın mühüm amili kimi baxmaq olar. Məhz, buna görədir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik konsepsiyasında ölkəmizi dünyanın ən inkişaf etmiş məmləkətinə çevirmək, insanlarımızı isə planetin ən xoşbəxt xalqına kimi yaşatmaq prioriteti vardır.

Sosial siyasətdə əsas yeri əhalinin sosial müdafiəsi mexanizmi tutur. Sosial müdafiə vətəndaşların, ilk növbədə, sosial qayğıya ehtiyacı olan təbəqələrinin inflyasiyadan, işsizlikdən müdafiəsinə yönəldilən dövlət siyasətidir. Dövlət tərəfindən tətbiq olunan tədbirlər kompleksinin xüsusiyyəti əhalinin həyat və əmək fəaliyyətinin ağırlaşmasının, işsizliyin və yoxsulluğun güclənməsinin qarşısının alınması ilə bağlıdır. Buna görə də, əhalinin sosial müdafiəsinin problemlərindən biri də yoxsulluğun qarşısının alınmasıdır. Təsadüfi deyildir ki, 2003-cü ildə xalqın böyük etimadı və dəstəyi ilə dövlət başçısı seçiləndən hər bir azərbaycanlının Prezidenti olmağı bacaran Cənab İlham Əliyevin bütün seçki platformalarında sosial siyasət mühüm yer tutmuşdur. Həmçinin, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş Prezident seçkilərində cənab İlham Əliyevin seçicilərə təqdim etdiyi seçki platformalarında sosial məsələlərin həlli ən mühüm amil kimi öz əksini tapmışdı. Məhz, bunun nəticəsidir ki, ötən 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb, iqtisadiyyatımıza 250 milyard dollar sərmayə qoyulub. Bütün bunların fonunda 2 milyon iş yeri yaradılıb, maaşlar 7, pensiyalar da 9 dəfə artıb.

Göründüyü kimi, Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda inkişaf dinamik xarakterlidir, müasir çağırışlara uyğun olaraq, reallaşdırılan siyasi-iqtisadi və sosial islahatlar da sistemli, ardıcıl şəkildə həyata keçirilir. Elə bunun nəticəsidir ki, Azərbaycanda müşahidə olunan iqtisadi və sosial problemlər dövlətin müdaxiləsi ilə tez bir zamanda aradan qaldırılır. Məsələn, qlobal dünya böhranından sonra Avropanın İtaliya, İspaniya, Yunanıstan kimi inkişaf etmiş ölkələrində vətəndaşların sosial ödənişlərinin verilməməsi müşahidə edildiyi bir zamanda Azərbaycanda maaş və pensiyaların vətəndaşlara ödənilməsi vaxtlı-vaxtında olurdu. Məhz, Prezident İlham Əliyevin böhrandan sonra Azərbaycan iqtisadiyyatını yenidən dirçəltmək və maliyyə resurslarımızın artırılması üçün atdığı addımlar tez bir zamanda effekt verdi, yaradılmış yeni aqroparkların, sənaye məhəllələrinin məhsul istehsalı və ixracı, vergi-gömrük sahəsində şəffaflığın təmin edilməsi ilə dövlət büdcəsinə daxilolmalar artmağa başladı.

Əlbəttə ki, bu artımların hesabına 2019-cu ilin büdcəsində nəzərdə tutulduğu kimi əldə olunan gəlirlər birbaşa vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına yönəldildi. Bu kontekstdə qeyd edək ki, əhalinin sosial müdafiəsi formalarından biri də gəlirlərin indeksasiya edilməsidir. Gəlirlərin dövlət indeksasiyası yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemidir. Gəlirlərin dövlət indeksasiya yaşayış dəyərinin artmasının nəzərə alınması əsasında həyata keçirilir. Başqa sözlə, indeksasiya inflyasiya şəraitində istehlak qiymətlərinin artması ilə əlaqədar əhali gəlirlərinin bu qiymətlərə uyğunlaşdırılması tədbirlərini əks etdirir. Sirr deyil ki, cari ilin 2 ayı ərzində Cənab Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, ölkəmizin daha da inkişaf etdirilməsinə xidmət edən sərəncamları, fərmanları və qərarları realaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir. Elə 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manata artırılması, Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əməkhaqqını 38 faiz artırılması, 130 manatdan 180 manata çatdırılması, həmçinin, minimum pensiyaların məbləğinin də təxminən 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də, təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut etmiş oldu.

Eyni zamanda, 2015-ci ildən güclənən qlobal miqyaslı maliyyə-iqtisadi böhranın nəticəsi olaraq meydana çıxmış iki devalvasiyanın yekunu olaraq dolların manatın məzənnəsinə nisbətdə yüksəlməsi və banklardan dollarla kredit götürmüş vətəndaşların ödəmə qabiliyyətinin aşağı düşməsi səbəbindən yaranmış problemli kreditlər məsələsi də Prezident İlham Əliyevin göstəriş və qərarları əsasında həllini tapdı. Problemli kreditlərin həlli ilə bağlı qərar dövlətin vətəndaşlarına yüksək diqqət və qayğısının növbəti təzahürü oldu. Beləliklə də, 800 mindən çox insanı əhatə edən Prezident Fərmanı dünyada analoqu olmayan bir qərara çevrildi. Çünki, dünyada bir çox ölkələr problemli kreditlər məsələsi ilə üzləşib, lakin Azərbaycan kimi çıxış yolu tapa bilməyib. Məsələn, Qazaxıstanda 2014-cü ildə devalvasiyalar baş vermiş və problemli kreditlər yaranmışdı. Bu zaman ölkədə kollektor haqqında qanun qəbul olundu. Kollektorlar topladığı məbləğin 50 faizini özündə saxlayır, digər 50 faizini isə banklara ötürürdü. Daha sonra Qazaxıstanda Problemli Kreditlər Fondu yarandı. Fondun səhmlərinı Mərkəzi Bank aldı və bu səhmlər dəyərsizləşdi. Bütövlükdə bu problem indiyə qədər həllini tapmayıb. Rusiyada 2016-cı ildə problemli kreditlərlə bağlı qanun layihəsi hazırlandı və 2019-cu ildə onun qəbul olunması gözlənilir. Hələ də bu məsələ Rusiyada öz əskini tapmayıb. Bu ölkədə problemli kreditlər kredit portfelinin əhəmiyyətli hissəsini təşkil edir. Gürcüstanda problemli kreditlərə dövlət dəstəyinə cəhd göstərildi, ABŞ-da isə 2018-ci ildə kredit piramidası dağılan zaman kreditlərini geri qaytarmayan insanlar evlərindən çıxarıldı. ABŞ kimi qüdrətli bir ölkə də bu problemi axıra qədər həll edə bilmədi. Təhlillər göstərir ki, xarici ölkələrdə problemli kreditlərin həllində üç tərəf - dövlət, banklar və müştərilər tanınır və yük də onların arasında bölünür. Azərbaycanda isə bütün yükü dövlət öz üzərinə götürdü. Beləliklə də, Azərbaycan sosial siyasət sahəsində daha bir novatorluğa imza atdı.

Ümumiyyətlə, ötən 2 ay ərzində Cənab Prezident İlham Əliyevin təqribən 3 milyon insanı əhatə edən və maliyyə tutumu təxminən 2.2 milyard manat olan sərəncamlar, fərmanlar imzalaması, qərarlar verməsi sırf Azərbaycan xalqının yaşayışının, rifah halının daha da yüksəldilməsi məqsədinə xidmət edir. 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də, problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır və Prezident İlham Əliyevin verdiyi bu qərarlar bütün dünya üçün sosial inqilab nümunəsidir. Məhz, Prezident İlham Əliyev tərəfindən atılan addımlar, görülən işlər bir daha isbatlayır ki, Azərbaycanda həyata keçirilən sosial siyasət sistemli, düşünülmüş kompleks tədbirlərdən ibarətdir.

Bu məqamda haşiyə çıxaraq təəssüflə bildirmək lazımdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi institusional və sosial islahatlara, onların nəticələrinə və uğurlarına müəyyən dairələr tərəfindən kölgə salmaq, hətta öz adına çıxmaq cəhdləri müşahidə edilməkdədir. Lakin faktlar ondan ibarətdir ki, mitinq keçirənlər, canlı yayımlarda məsuliyyətsiz fikirlər səsləndirənlər reallıqlarla barışmaq istəmir, yalan atmosferi formalaşdırmağa çalışırlar. Halbuki bu gün Azərbaycanda həyata keçirilən sosial islahatlar əslində Prezident İlham Əliyevin sosial siyasət konsepsiyasının tərkib hissəsidir. Cənab Prezident İlham Əliyev cari ilin yanvar ayının 11-də Nazirlər Kabinetinin keçirilmiş iclasında ciddi institusional və sosial islahatların olacağı barədə məlumat vermişdi. Lakin bunu fürsət bilən radikal qüvvələr, anti-milli ünsürlər yanvar ayının 19-da 2800 nəfərlik mitinq keçirməklə Cənab İlham Əliyevin siyasətinin uğurlarına özününküləşdirməyə cəhd göstərdilər. Özlərini karlığa və korluğa vurmuş radikal müxalifət reallığı anlamaq üçün verilmiş sualların cavablarına baxmaqdan da imtina edirlər. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov "Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları" sərlövhəli məqaləsində yazırdı ki, "...bu qəbildən olan faktları 19 yanvar mitinqinə bağlamaq üçün Əli Kərimlinin "zamana səyahət makinası" kəşfedərək aksiyasını özü ilə birgə keçmişə aparması da lazımdır. Ancaq heç bu da Əli Kərimliyə sərf etməz, ona görə ki, yaxın keçmişə qayıdanda da Cənab İlham Əliyevi Prezident seçildiyi ilk gündən xalqın arasında görmüş olacaq. Bu gün dünyada elə ölkə rəhbərləri var ki, ancaq seçkidən-seçkiyə xalq arasına çıxır və ancaq iri şəhərlərdə, meqapolislərdə nitq söyləyirlər. Cənab İlham Əliyev isə cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda dəfələrlə səfərdə olub, insanların güzəranı ilə maraqlanıb, problemlərinin həlli ilə bağlı anında tapşırıqlar verib. Lənkəranda bina çökəndə, Aranda Kür daşanda, Zaqatalada, Şamaxıda, Ağsuda zəlzələ olanda xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış görüb, əlini kürəyində hiss edib".

Prezident İlham Əliyev hər zaman xalqının yanında olub, xalqdan güc alıb, xalq da Onu dəstəkləyib, müdafiə edib. Məhz, xalq-iqtidar birliyinin sarsılmazlığının əsasında da bu faktordurur. Əminik ki, Azərbaycan dövləti bundan sonar da bu xalq-iqtidar birliyi üzərində daha da möhkəmlənəcək, daha da inkişaf edəcək.






Son Xəbər