XƏBƏR, SİYASƏT
2-03-2019, 15:50

Əli Əhmədov: Azərbaycanda aparılan islahatlar daha da şaxələnməklə yeni sahələri əhatə edəcək

Əli Əhmədov: Azərbaycanda aparılan islahatlar daha da şaxələnməklə yeni sahələri əhatə edəcək
Azərbaycanda aparılan iqtisadi islahatlar öz bəhrəsini verməyə başlayıb və bunun əsasında sosial sahədə mühüm tədbirlər həyata keçirilir.

Qərbinfo.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov YAP-ın bu gün keçirilən ümumrespublika müşavirəsində deyib.

Ə.Əhmədov bildirib ki, 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlarla ölkəmizdə insanların sosial həyatının yaxşılaşdırılması istiqamətində çox ciddi işlər görülür: “Bu il Azərbaycan tarixində əhəmiyyətli il olacaq, həmçinin bir sıra sahələrdə irəliləyişlərin əldə edilməsi baxımından önəmli il olacaq. İqtisadi sahədə islahatlar aparılır və davam edəcək. Bu ilin əvvəlindən vacib sərəncamlar verilib və insanların sosial həyatlarının yaxşılaşması əsas hədəf seçilib. Əməkhaqlarının artırılması vacib addım idi. Digər sosialyönümlü qərarlar da bu qəbildəndir və alqışlayiqdir".

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan dövlətinin həyata keçirdiyi işlərin mərkəzində insanların həyatının yaxşılaşması dayanır.

Onun sözlərinə görə, sosial proqramların genişlənməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların öz bəhrəsini verdiyini göstərir: “Bunun nəticəsində büdcəyə çoxlu vəsaitin daxil olması sosial xarakterli artımlara şərait yaratdı. Azərbaycanda həyata keçirilən islahatlar daha da şaxələnməklə yeni sahələri əhatə edəcək. Sosial sahədə həyata keçirilən islahatlar bununla yekunlaşmayacaq və ehtiyacı olan təbəqə daim diqqət mərkəzində olacaq".

Ə.Əhmədov qeyd edib ki, xalq sosial siyasəti aydın şəkildə görməlidir: "Bilməlidir ki, dövlətin siyasətinin mərkəzində hər zaman xalqın rifahı dayanır. Dərin islahatlar dövlətin qüdrətini artırmaq məqsədi daşımaqla yanaşı, əhalinin firavan yaşamasına da şərait yaradır”.






Son Xəbər