XƏBƏR, SİYASƏT
28-02-2019, 09:09

ABŞ Konqresinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib

ABŞ Konqresinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib
ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verib.

Qərbinfo.az xəbər verir ki, bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı şəhərində yüzlərlə sakinin qətlə yetirilməsinin etnik azərbaycanlıların ən böyük qətliamı olduğu vurğulanır. Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin Ermənistan silahlı qüvvələrinin hücumundan əvvəl 7 min sakininin olduğunu vurğulayan konqresmen kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 600-dan çox dinc sakinin qətlə yetirildiyini, 100-dən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyini, 8 ailənin tamamilə məhv edildiyini bildirir.

S.Koen atəşkəsin imzalanmasından iyirmi ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayon daxil olmaqla 20 faiz ərazisinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz yurdundan didərgin düşdüyünü vurğulayıb.

Bəyanatda təmas xəttində zorakılığın davam etməsinin ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupundakı fəaliyyətini daha da gücləndirməsini zərurətə çevirdiyi vurğulanıb.

Konqres üzvü Azərbaycanın təhlükəsizlik və enerji məsələlərində ABŞ-ın və onun müttəfiqlərinin güclü tərəfdaşı olduğunu qeyd edib. S.Koen bu əməkdaşlığın kütləvi qırğın silahlarının yayılmamasında Azərbaycanın rolu, Kosovo, İraq və Əfqanıstanda Azərbaycan əsgərlərinin ABŞ qüvvələri ilə çiyin-çiyinə xidmət etməsi, koalisiyanın Əfqanıstandakı qüvvələrinin təchizatı üçün Azərbaycan məkanından tranzit məqsədilə istifadəsi, Xəzər dənizindən İtaliyaya Cənub Qaz Dəhlizinin inşası vasitəsilə Avropanın alternativ enerji mənbələri ilə təmin olunması, İsrailin neft istehlakının təxminən 40 faizinin ölkəmiz tərəfindən təmin olunması kimi sahələri ehtiva etdiyini bildirib. Bəyanatda, həmçinin Azərbaycandakı yəhudi icması və İsraillə əməkdaşlıq xüsusi vurğulanıb.

Sonda Konqres üzvü bu faciədə həyatını itirmiş insanların xatirəsini bir daha yad edərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylərin dəstəklənməsində daha qətiyyətli olmağa çağırıb.






Son Xəbər