XƏBƏR, SOSİAL
12-02-2019, 22:57

Yeni təhsil proqramı üzrə “Azərbaycan dili” vəsaiti nəşr olunub

Yeni təhsil proqramı üzrə “Azərbaycan dili” vəsaiti nəşr olunub

Yeni təhsil proqramı (kurikulum) üzrə imtahana hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün “Azərbaycan dili” vəsaiti nəşr olunub.


Dövlət İmtahan Mərkəzindən (DİM) Qərbinfo.az-a bildirilib ki, vəsait Azərbaycan dili fənninin dörd məzmun xəttini - dinləyib-anlama və danışma, oxu, yazı, dil qaydalarını V-XI siniflər üzrə tam əhatə edir. Nəşrdə ardıcıl şəkildə, hər bir məzmun xətti, bütovlükdə fənnin məzmunu anlaşıqlı, aydın dillə şərh edilir. Şagirdyönümlü, nəticəyönümlü təlim nəticələri – bacarıqlar ümumi şəkildə ifadə olunur. Məzmun xətlərini əhatə edən standartlara uyğun mühakiməyə, tətbiqetməyə, inteqrasiya yaratmağa və s. əsaslanan müxtəlif səviyyəli açıq və qapalı tipli tapşırıqlar verilir.

Müəyyən mövzuları daha dəqiq və praktik şəkildə mənimsəmək üçün kitabın “Əlavələr” rubrikasında vacib olan, lakin qiymətləndirmə (eləcə də buraxılış və qəbul imtahanlarında) zamanı tapşırıq predmeti olmayan dilçilik materialları da təqdim edilmişdir. Bu məlumatlar vəsaitdə çərçivə daxilndə sarımtıl rənglə yazılır.

Burada durğu işarələri, əməli yazılar ardıcıl olaraq nəzəri məlumat, praktik tapşırıqlar və yoxlama materialları ilə bütöv halda sistemli şəkildə təqdim olunur.

Lüğət bölməsində verilən sözlər isə yalnız dilçilik terminləri deyil, həm də kurikulumyönlü söz, termin və ifadələrdir. Bu ifadələr müəllimlər, metodistlər üçün əhəmiyyətlidir.

Vəsaiti aşağıda qeyd edilən ünvanlarda yerləşən binalardakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin vəsaitdə yer alan “Ön söz”ünü də təqdim edirik:

“Buraxılış və qəbul imtahanlarına hazırlaşan gənclərə elmi-metodiki kömək DİM-in fəaliyyətinin mühüm istiqamətlərindəndir. Abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş, yeni təhsil proqramının (kurikulumun) tələblərinə uyğun hazırlanmış bu vəsait qeyd edilən istiqamət üzrə görülən işlərin davamıdır.

Vəsaitin zəruriliyi bir sıra amillərlə şərtlənir. Məlumdur ki, təlimin qarşısında duran ən mühüm vəzifələrdən biri şagirdlərdə özünütəhsil (müstəqil təhsil) vərdiş və bacarıqlarını tərbiyə etməkdir. Təəssüf ki, təlim prosesində bu cəhətdən ciddi çatışmazlıqlar müşahidə olunur. Repetitorluğun geniş yayılmasının əsas səbəblərindən biri də məhz budur. Odur ki, öz üzərində müstəqil çalışmaq istəyənlər üçün müvafiq vəsaitlərin hazırlanması məsələsi meydana çıxmışdır. Belə vəsaitlərin müvafiq fənlər üzrə hazırlanıb nəşr olunması həm də ona görə vacibdir ki, abituriyentlərin müəyyən qismi əvvəlki illərin məzunlarıdır. Ona görə də hər bir abituriyentin öz üzərində müstəqil çalışmasına səmərəli imkan yaradan, metodik cəhətdən mükəmməl vəsaitlərin hazırlanmasına bu gün böyük tələbat vardır.

Vəsaitdə materialların seçimi və şərhi zamanı üç mühüm amilə: müvafiq elmin əsaslarına, təhsilin məqsədlərinə və abituriyentlərin ümumi bilik və yaş səviyyəsinin bir-biri ilə ən optimal nisbətdə əlaqələndirilməsinə xüsusi diqqət yetirilmişdir. Adətən ümumtəhsil müəssisələrinin ümumi təhsil səviyyəsində öyrədilən materialların yuxarı siniflərdə nisbətən dərindən mənimsənilməsi prinsipi əsas götürülür. Bu vəsait isə abituriyentlər və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulduğundan müəlliflər onu hazırlayarkən qəbul proqramının məzmun və tələblərinə uyğun olaraq xətti prinsipi, yəni eyni bir mövzu və məsələnin bir dəfə müfəssəl şərh edilməsi prinsipini əsas götürmüşlər. Əlbəttə, bu heç də o demək deyil ki, qəbul imtahanına hazırlaşmaq üçün yalnız bu vəsaitdən istifadə etmək kifayətdir. Vəsait dərslikləri əvəz etmir. Onların qarşısında müxtəlif məsələlər dayanır. Vəsait hər bir şagirdin, abituriyentin dərsliklərdən öyrəndiyi bilikləri tamamlayır, zənginləşdirir və sistemləşdirir. O, biliklərin möhkəmləndirilməsi məqsədilə yerinə yetirilən təkrarlama mərhələsində xüsusilə əhəmiyyətli rol oynayır. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığcamlıq abituriyentlərin, yuxarı sinif şagirdlərinin predmetin suallar çoxluğunda kifayət qədər uğurlu istiqamətlənməsinə kömək edəcək. Ümidvarıq ki, vəsait ondan istifadə edənlərə az vaxtda səmərəli nəticələr əldə etməyə imkan verəcək, bir sözlə, abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün gərəkli məlumat mənbəyi olacaq.

Vəsaiti hazırlayarkən müəlliflər təlim sahəsində ölkəmizdə və beynəlxalq təcrübədə tətbiq olunan müasir metodika və texnologiyalardan, mütərəqqi üsul və vasitələrdən geniş istifadə ediblər.

Vəsaitin hazırlanmasına müvafiq sahənin nüfuzlu alimləri, tanınmış metodistləri, təcrübəli məktəb müəllimləri cəlb edilib, materiallar DİM-in nəzdində fəaliyyət göstərən elmi-metodik seminarda geniş müzakirə olunub, mütəxəssislərin rəyləri öyrənilib.

Yuxarıda sadalanan müsbət cəhətlərinə baxmayaraq, yeni proqram əsasında ilk dəfə hazırlanan bu vəsaiti tam mükəmməl hesab etmək olmaz. Sözsüz ki, vəsait zaman-zaman daha da təkmilləşdirilməli, forma və məzmunca mükəmməl səviyyəyə gətirilməli, mövzuların daha asan qavranılması üçün yeni üsul və metodlar tətbiq edilməli, yaradıcı şəkildə zənginləşdirilməlidir. Bu cəhətdən vəsaitin təkrar nəşrinə ehtiyac olacaq. Vəsaitin sonrakı təkmilləşmə prosesində isə rəylər, qeyd və təkliflər son dərəcə vacib rol oynaya bilər.

DİM bu işdə maraqlı olan bütün oxucuları ümumi işimiz naminə vəsaitin təkmilləşməsinə yönəlmiş qeyd, təklif və arzularını bildirməyə dəvət edir. Bu qeyd və təkliflər minnətdarlıqla qəbul olunacaq və vəsaitin yeni nəşrə hazırlanması zamanı nəzərə alınacaq. Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!”.






Son Xəbər