XƏBƏR, İQTİSADİYYAT
12-02-2019, 14:57

Yanvarda pərakəndə ticarət dövriyyəsinin həcmi artıb

Yanvarda pərakəndə ticarət dövriyyəsinin həcmi artıb

Bu ilin yanvarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 2,9 milyard manata bərabər olub.

Dövlət Statistika Komitəsindən Qərbinfo.az-a bildirilib ki, ticarət dövriyyəsinin 1,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılan məhsulların dəyəri ötən yanvarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb.

Yanvarda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,3 faizi ərzaq məhsullarının, 5,9 faizi içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 19 faizi ticarət müəssisələri, 50,4 faizi fərdi sahibkarlar tərəfindən, 30,6 faizi isə bazar və yarmarkalarda satılıb. Ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 31,4 faiz artıb, fərdi sahibkarlar üzrə 0,5 faiz, bazar və yarmarkalarda 5 faiz azalıb.

Cari ilin yanvarında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 293,8 manat və ya əvvəlki ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 8,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları alıb.






Son Xəbər