XƏBƏR, HADİSƏ
11-02-2019, 15:41

Piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb

Piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb
Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.

Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun Qərbinfo.az-a daxil olan birgə məlumatında bildirilib ki, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi 1980-ci il təvəllüdlü Sunay Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.






Son Xəbər