XƏBƏR
11-02-2019, 14:31

Parisdə Azərbaycan qadınlarından bəhs edən kitabın təqdimatı olub

Parisdə Azərbaycan qadınlarından bəhs edən kitabın təqdimatı olub

1919-cu ildə Azərbaycanda qadınlara səsvermə hüququ verilib. Bu, bizim üçün rəmzi və çox əhəmiyyətli tarixdir. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin və ölkədəki bütün milli azlıqların, eləcə də siyasi partiyaların təmsil olunduğu birinci parlamentin 100 illiyini qeyd etdik. Həmin parlament müsəlman Şərqində ilk dəfə qadınlara səsvermə hüququ verib. O vaxt birinci respublikanın qurucuları bilmirdilər ki, ölkəmizin tarixinə daha bir şərəfli səhifə əlavə edirdilər.

Qərbinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə hazırlanmış “Azərbaycan: dünənin qadını” kitabının təqdimat mərasimində söyləyib.

Səfir bildirib ki, bəzi Avropa ölkələrindən xeyli əvvəl, Fransadan 30 il əvvəl azərbaycanlı qadınlar səsvermə hüququna yiyələniblər. O, müsəlman Şərqində ilk dəfə Azərbaycanda 110 il əvvəl operanın əsasının qoyulmasından, ilk qızlar məktəbinin açılmasından söz açıb. Bu gün cəmiyyətimizin bütün sahələrində qadınların fəal iştirak etdiyini diqqətə çatdırıb.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququnun verilməsinin önəmindən danışıb. O, bu münasibətlə səfirlik tərəfindən silsilə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu deyib.

Sonra kitabın tərtibçiləri - fransız yazıçı Jan-Lui Quro, mətnlərin müəllifi jurnalist Nur Dolay və rəsmlərin müəllifi Fransuaz Kayet Dönöbur çıxış edərək kitabın ərsəyə gəlməsindən danışıblar. Onlar Azərbaycanda qadınların cəmiyyət həyatında fəal iştirak etməsindən söhbət açıblar.

“Azərbaycan-dünənin qadını” kitabının hazırlanmasında məqsəd tarixboyu ölkəmizdə qadınların cəmiyyətdəki yeri və rolunu, bu irsin hələ də davam etdirildiyini fransızdilli oxuculara çatdırmaqdır. Kitabın təqdimatı səfirliyimizin və Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.






Son Xəbər