XƏBƏR, SOSİAL
9-02-2019, 17:50

Musa Quliyev: Prezidentin Sərəncamı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır

Musa Quliyev: Prezidentin Sərəncamı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır
Azərbaycan Prezidenti İlham Əliyevin minimum əməkhaqqının artırılması ilə bağlı Sərəncamı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış növbəti mühüm addımdır. Bu Sərəncam Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinə diqqət və qayğısının əyani göstəricisidir.

Bu sözləri Qərbinfo.az-a müsahibəsində Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev söyləyib.

Deputat deyib ki, ölkəmizdə əməkhaqları, yaşayış minimumu, pensiya müavinətləri, demək olar, hər il artırılır. Amma bu məbləğlər indiki artımla müqayisədə o qədər də çox olmayıb. Ümumiyyətlə, bütün dünyada əməkhaqqının, pensiyaların, müavinətlərin artırılması inflyasiya və yaxud da orta əməkhaqqının indeksasiyası ilə bağlı aparılır. Bu isə o qədər də böyük rəqəm olmur. Amma Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 8-də imzaladığı Sərəncamla isə minimum aylıq əməkhaqqının birdən-birə 38,4 faiz artırılması olduqca önəmli məsələdir. Bu, əhalimizin çox böyük təbəqəsini əhatə edəcək. Sərəncama əsasən, büdcədən maliyyələşən təşkilatlarda çalışan 450 min nəfər, eləcə də qeyri-dövlət sektorunda çalışan 150 min nəfər daxil olmaqla, ən azı 600 min nəfərin əməkhaqqı artırılacaq. Bu, bir tərəfdən əhalinin sosial rifahının güclənməsinə xidmət edəcək, eyni zamanda, sosial sığorta haqlarının artmasına gətirib çıxaracaq ki, gələcəkdə pensiya təminatı da yaxşılaşacaq. Sərəncamın digər mühüm əhəmiyyəti də odur ki, qeyri-leqal məşğulluq aradan qaldırılacaq, əmək müqavilələrinin bağlanılmasına stimul veriləcək.

Musa Quliyev vurğulayıb ki, bu Sərəncam Prezident İlham Əliyevin dəfələrlə söylədiyi kimi, Azərbaycan dövlətinin sosial siyasətinin mərkəzində vətəndaş amili dayandığını bir daha təsdiqlədi.






Son Xəbər