XƏBƏR, SOSİAL
2-02-2019, 22:51

Dünyada su qıtlığı qaçılmazdır

Dünyada su qıtlığı qaçılmazdır
Hazırda dünyada qlobal problemlərdən biri də su qıtlığıdır. Mütəxəssislər hesab edirlər ki, qlobal istiləşmənin qrunt sularına təsiri dünyada su qıtlığının yaranmasına səbəb ola bilər. Dünyada əhalinin sayı artdıqca sudan istifadə də artır. Su ehtiyatları artmasa da, bərpa olunur. Lakin gələcəkdə quraq ölkələrdə su qıtlığının daha çox hiss ediləcəyi gözlənilir. Rütubətli ölkələrdə isə su ehtiyatlarının ifrat dərəcədə olacağı ehtimal edilir.

Qərbinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi Məhəmməd Abduyev deyib.

Onun sözlərinə görə, əgər su mənbələrindən səmərəli istifadə olunmazsa, qıtlığın baş verməsi qaçılmazdır: "Azərbaycan da quraq ölkələr sırasındadır. Ölkə ərazisinin 60 faizi arid iqlim şəraitində yerləşir. Respublikada da su ehtiyatlarının çatışmazlığı gözlənilə bilər. Ölkəmizin içməli su ehtiyatları 30 kubkilometrdir. Onun da 30 faizi itkiyə gedir. İl ərzində ölkəmizdə 13-14 kubkilometr su işlədilir. Ən çox su istifadə edən sahə kənd təsərrüfatıdır. Bu baxımdan Azərbaycanda su təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır.

Hazırda ölkəmizdə 140-dan çox su anbarı var. Mövcud anbarların əksəriyyəti suvarma ilə yanaşı, əhalinin tələbatını da ödəyir. Ən böyük su anbarı olan Mingəçevir su anbarının həcmi 16 kubkilometrdir. Əgər bir il ərzində su ehtiyatımız olmazsa, bu anbara yığılan su tələbatı ödəməyə bəs edər. Su qıtlığı ilə üzləşməmək üçün əhali sudan qənaətlə istifadə etməli, suvarmada yeni texnologiyalar tətbiq olunmalıdır".






Son Xəbər